Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İslam İnkişaf Bankı (İDB) arasında neft, qaz, bərpaolunan enerji və rəqəmsallaşma sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
RegionTV.info xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf İDB qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə bildirilib.
Görüşdə Azərbaycan ilə İDB arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, bank tərəfindən ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
SOCAR-ın ölkə daxilində və xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi haqqında məlumat verilib.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından bəhs edilib, rəqəmsal və innovativ texnologiyaların tətbiqinin, habelə bərpaolunan enerji mənbələrinin inkişafının prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi qeyd olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.