Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident İlham Əliyevin yeni dünya nizamına verdiyi mühüm töhfə: Qoşulmama Hərəkatının Bakı sammiti

RegionTV.info

Hazırda yeni dünya nizamının qurulması prosesi gedir. Sadə dillə desək, qlobal güclər öz nüfuz dairələrini yenidən müəyyənləşdirirlər. Təbii ki, bu prosesdə hadisələrə təsir etmək imkanı olan nüfuzlu beynəlxalq təşkilatların da payı danılmazdır.

Belə təşkilatlar sırasında Birləşmiş Millətlər Təşkilatını (BMT), Avropa İttifaqını (Aİ), Türk Dövlətləri Təşkilatını (TDT), Şimali Atlanika Alyansını (NATO), İslam Əməkdaşlıq Təşkilatını (İƏT) Ərəb Dövlətləri Liqasını (ƏDL) və ən nəhayət 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatını (QH) xüsusi vurğulamaq lazımdır.

Azərbaycanın Qoşulmama Hərəkatının yüksəlişinə verdiyi töhfələr

Yuxarıda salanan təşkilatların hər birinin dünyadakı proseslərə fərqli baxışı və özünəməxsus təsir gücü var. Azərbaycan adları çəkilən beynəlxalq qurumların hamısı ilə geniş əlaqələrə malikdir, amma Bakı bu təşkilatlar sırasında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına xüsusi önəm verir.

Azərbaycan Hərəkata 2019-ci ildən sədrlik edir. Ölkəmizin təşkilata sədrlik dövrü pandemiyanın tüğyan etdiyi vaxta təsadüf etsə də, rəsmi Bakı öz sədrlik missiyasını uğurla icra edib, hətta Hərakata 1 il əlavə rəhbərlik etmək hüququ qazanıb. Geridə qalan 3 ilə nəzər salsaq görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik etdikdən sonra Təşkilatın təsir gücü daha da artıb. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə tarixi uğurla imza atıb.

Prezident İlham Əliyev 2019-cu ildə QH-nin Bakıda keçirilən sammitində bəyan etmişdi ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Ölkə başçısı bu fikirlərini əməldə də təsdiq etdi. Məlumdur ki, COVİD-19 pandemiyası türyan etdiyi dövrdə bəzi inkişaf etmiş dövlətlər ehtiyaclarından artıq vaksin almaqla "peyvənd millətçiliyi" ilə məşğul olmağa başlamışdı. Bu isə bir çox ölkədə peyvənd qıtlığı yaratmışdı.

Azərbaycan Prezidenti istehsal olunan peyvəndin əldalətsiz bölüşdürülməsinə qarşı qəti mövqe ortaya qoydu. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Təşkilata üzv olan bütün dövlətlərin və xalqların hüquqlarının müdafiəçisinə çevrildi. Nəticədə ölkəmizin təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul olundu.

Bundan başqa, Prezident İlham Əliyevin təklifi ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. Həmçinin 2020-ci ilin may ayında Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti təşkil olunub. Azərbaycanın Təşkilata sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb. Göründüyü kimi Azərbaycan Hərəkata pandemiya dövründə sədrlik etsə də, fəal iş aparıb, Təşkilatın fəaliyyətinə böyük töhfələr verib, onun beynəlxalq nüfuzunu daha da artırıb.

Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı nüfuzu 

Təbii ki, Azərbaycanın fəallığı Hərəkata üzv olan dövlətləri ölkəmizlə daha geniş əlaqələr qurmağa sövq edir. Bu məqam ölkəmizin maraqları baxımından çox önəmlədir. Çünki Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Yeni dünya nizamının qurulması fonunda yaranan reallıqların Azərbaycanın maraqlarına uyğun şəkildə formalaşdırılması üçün ölkəmizin böyük beynəlxalq siyasi dəstəyə ehtiyacı var.

Rəsmi Bakı Qoşulmama Hərəkatına üzv olan dövlətlərin etimadını qazanmaqla proseslərə öz maraqlarına uyğun yön verməyi bacarır. Məsələn, Azərbaycan Ermənistanın əsassız iddiaları qarşısında Qoşulmama Hərəkatına üzv olan dövlətlərin böyük dəstəyini qazanıb. Üzv dövlətlərin mütləq əksəriyyəti Qarabağ ətrafında baş verən proseslərlə bağlı Azərbaycanı dəstəkləyir, Bakının haqqı mövqeyini müdafiə edir.

Bundan başqa, Qoşulmama Hərəkatının üzvləri həm Vətən Müharibəsi, həm də postmüharibə dövründə BMT-də Azərbaycan əleyhinə hazırlanan qətnamələrin qəbul olunmasına imkan verməmişdilər.

Azərbaycanın yeni dünya nizamına verdiyi töhfə

Azərbaycanın təşkilatdakı nüfuzunun daha bir göstəricisi Bakıda martın 2-də postpandemiyaya həsr olunmuş sammitin keçirilməsidir. Prezident İlham Əliyev bu sammitin keçirilməsi ilə bağlı 2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində təklif irəli sürmüşdü.

Sammitdə postpandemiya məsələləri ilə ilə yanaşı, yeni dünya nizamının formalaşması prosesində beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, "Soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları olacaq.

Bu gün Bakının belə ciddi məsələlərin müzakirə olunduğu tədbirə ev sahibliyi etməsi Azərbaycana göstərilən beynəlxalq etimadın, Prezident İlham Əliyevin isə şəxsi nüfuzunun əyani sübutudur. Qoşulmama Hərəkatının Təmas Qrupunun martın 2-də Bakı şəhərində keçiriləcək iclasında iştirak etmək üçün Bakıya gələn BMT Baş Assambleyasının sədri Çaboy Kereşi də Trend-ə müsahibəsində Azərbaycanın Hərəkatın yüksəlişindəki rolunu xüsusi vurğulayıb.

Sitat: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə üzv dövlətlər arasında koordinasiya məsələləri, çoxtərəflilik dəyərlərinin möhkəmlənməsi və beynəlxalq əməkdaşlığın genişlənməsi üzrə bir sıra konkret təşəbbüslər irəli sürüb. Bu konkret təşəbbüslər Hərəkatın yüksəlişində mühüm rol oynayıb. Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş qarşıdakı sammiti də eyni dərəcədə əhəmiyyət daşıyır. Dünya bir-biri ilə əlaqəli böhranlarla mübarizə aparmaqdadır və həmrəyliyə, davamlılığa və elmə əsaslanmış əməkdaşlıq heç vaxt bu qədər vaxtında baş verməmişdi. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri ilə fəaliyyətin davamını səbirsizliklə gözləyirəm".

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan regionda öz təsir gücünü daha da artırır, hətta yeni dünya nizamına yön verən dövlətə çevrilir. Azərbaycan Şərq-Qərb qarşıdurmasının yaşandığı dövrdə Amerika, Avrasiya və Afrika materikindən olan nüfuzlu dövlətləri bir araya gətirməyi bacarır. Bu səbəbdən, dünya dövlətləri Azərbaycanı əhəmiyyətli aktor, mühüm tərəfdaş, beynəlxalq sülhə töhfə verən ölkə kimi qəbul edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də