Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kamran Əliyev: “Bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”

“Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”.

RegionTV.info  xəbər verir ki, bunu müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

“Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”.

Kamran Əliyev əlavə edib ki, cinayətkarlığa qarşı mübarizədə bəzi kateqoriya cinayətləri üzrə sərtləşmə getməlidir: “Bunu bizdən cəmiyyətimiz, vətəndaşlarımız və reallıq tələb edir. Bəzi cinayətlər üzrə isə humanistləşmə vacibdir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.

Həmin faktlarla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də