RegionTV.info
27 fevral 2023-cü il tarixində Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.
Ermənistan, hərbi güc yolu ilə Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən Azərbaycanı məhrum etməklə, Azərbaycanın enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə, habelə Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub.
Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı təşkil edir.
Qarabağ bölgəsində Azərbaycanın daxili su ehtiyatlarının 25%-nin cəmlənməsi, buranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib.
Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi, 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib.
Ermənistan, həmçinin işğal zamanı Azərbaycanın suveren ərazisində ən azı 37 əlavə icazəsiz su elektrik qurğuları tikib.
Tərtər SES-in istehsal etdiyi elektrik enerjisi ilə yanaşı, bu əlavə icazəsiz qurğuların hasilatı açıq şəkildə Ermənistana “ixrac mənbəyi” kimi müəyyən edilmişdi. Ermənistan Azərbaycana məxsus su elektrik enerjisi ehtiyatlarının qeyri-qanuni istismarını asanlaşdırmaq üçün keçmiş işğal olunmuş ərazilərdən Ermənistana elektrik enerjisinin paylanmasının “vahid sistemi”ni yaratmış, “gündəlik elektrik enerjisi istehsalının həcmini Ermənistan ərazisindən tənzimləyib” və bölgənin mövcud qurğularını istismar etmək üçün enerji şirkətlərinə saxta “lisenziyalar” vermişdir.
İşğal zamanı Ermənistan eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.
Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib.
Ermənistan, həmçinin Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilmişdir.
Bu arbitraj işinin məqsədi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir.