RegionTV.info
Gəncəli xanım 26 yaşında direktor olub. Bu haqda 22 fevral tarixində Media.az-a istinadən məlumat veririk.
Gənc direktor Kəmalə Nəhmədova karyerası, kənd məktəblərində təhsil, innovasiyalar və cavan mütəxəssislərə münasibət barədə müsahibə verib. Ölkənin ən cavan direktoru olan həmyerlimiz bildirib ki, bu peşəyə marağını orta məktəbdəki müəllimləri yaradıb. Onların vətənpərvərliyi, savadlılığı, qayğısı və s. Kəmalə xanımın yaddaşında dərin iz qoyub. Nəhmədova Azərabaycan Dövlət Pedaqoji Universitetində bakalavr, Gəncə Dövlət Universitetində isə “Kimya və biologiya” ixtisası üzrə magistr təhsili alıb. Həmçinin İsrail və Türkiyədə ixtisasartırma təlimlərində iştirak edib.
Öz karyerasına gənc direktor Göygöl rayonunda kənd məktəbində başlayıb. Onun sözlərinə görə, burada təhsil Gəncədən daha yaxşı olub. O, bunu uşaqların daha yaxşı həyat yaşamaq, rifahının yaxşılaşdırmaq istəyi ilə əlaqəli olduğunu deyib. Bu səbəbdən kənd məktəblərində şagirdlər daha məsuliyyətli və tələbkardırlar.
Yanvarda Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Gəncə şəhəri üzrə koordinatoru olan Kəmalə xanım Göygöl Peşə Məktəbinə direktor təyin edilib. Beləliklə o, 26 yaşında ölkənin ən gənc direktoru olub.
Nəhmədovanın sözlərinə görə, kollektiv onu xoş qarşılayıb, gənc kadr görməyin onlar üçün xoş olduğunu bildirib.
“Biz bütün kəndlərdən daha çox gənci cəlb etmək istəyirik. Göygöl rayonu aqrar bölgə hesab edilir”, – deyə gənc direktor qeyd edib.