Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
RegionTV.info xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirdi.
Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd etdi. Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi.
Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi. Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğuladı.
Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirdi və buna görə təşəkkür etdi. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirdi.
Söhbət əsnasında Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu.
Dövlət başçıları, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi apardılar.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik etdi.
Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirdi.
***17:16
Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Bu barədə RegionTV.info xəbər verir.
***16:01
Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.
Bu barədə RegionTV.info xəbər verir.