Ağstafa rayonunda 1985-ci il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Pərvizi (adlar şərti verilib - red.) qətlə yetirib.
RegionTV.info bildirir ki, hadisə ötən il yanvarın 2-dən 3-ə keçən gecə baş verib.
Yanvarın 2-də axşam saatlarından başlayaraq yaşadıqları evdə sərxoş vəziyyətdə Pərviz arvadı Fidanla münaqişə yaradıb. Pərviz həmin vaxtdan yanvarın 3-də saat 5 radələrinədək sakitləşməyib, yataq otağında döşəməyə sərilmiş döşəyin üzərində duraraq Fidanı və ailə üzvlərini öldürməklə hədələyib.
Uzun müddət davam edən münaqişədən bezmiş Fidan Pərvizi öldürmək qərarına gəlib. Əri sərxoş vəziyyətdə ayağa qalxmaq istəyərkən müvazinətini itirərək yıxıldıqda Fidan balta götürüb və yataq otağına qayıdıb.
Pərviz əlini yerə dirəyərək qalxmağa çalışsa da, sərxoş olduğundan bunu bacarmayıb. Fidan onun boyun və baş nahiyələrinə balta ilə ardıcıl 3 dəfə vurub. Pərviz aldığı xəsarətlərdən vəfat edib.
"Atam ərimi evdən qovdu"
İstintaq orqanı tərəfindən Fidanın barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fidan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2006-cı ildə Qazax şəhər sakini Pərvizlə rəsmi qaydada ailə qurandan sonra əvvəlcə 1 il Qazax şəhərində qaynatasıgillə, hazırda qeydiyyatda olduğu atasına məxsus evdə yaşayıb:
"Sonradan ərim mənimlə dalaşdığı üçün atamgil onu evdən qovdu. Buina görə də o məni özü ilə nənəsigilin evinə apardı. Orada ilyarım yaşadıq. Sonra yenidən atam evinə qayıdıb orada yaşamağa başladıq.
2011-ci ildə böyük qızım dünyaya gəldi. Həmin vaxtdan da atama məxsus evdə yaşamışıq. 2015-ci ildə Pərvizlə nikahdan digər övladımız Samirə doğuldu".
"Məni öldürməklə hədələdi"
Təqsirləndirilən şəxs qeyd edib ki, daim içki içən Pərvizlə münasibətləri həm bu səbəbdən, həm də yersiz qısqanmalarına görə son 3 ildə daha da pisləşib: "Son dövrlər spirtli içkilərə həddən artıq aludə olmasına görə evdə tez-tez qanqaraçılıq, yersiz münaqişələr yaradırdı. Ünvanıma nalayiq ifadələr işlədir, məni vururdu.
Pərviz Qazax yanğından mühafizə hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləyirdi. Bir gün işdə, iki gün ievdə olurdu. İşə gedəndə adətən içki içməsə də, qalan vaxtlarda demək olar ki, ayıq vaxtı olmurdu. Yersiz qısqanclıqlar edir, mobil telefondan istifadəyə icazə vermirdi. Söz- söhbət olmasın deyə mobil telefondan istifadə etməmişəm.
Atamgildə yaşadığım üçün qızlarımla valideynlərimin himayəsində idim. Uşaqlarımın və özümzün qidamızı, geyimimizi valideynlərim alırdı. Bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsəm də, Pərviz imkan vermirdi. Təkbaşına yaşaya bilməyəcəyimi deyir, məni öldürməklə hədələyirdi".
Fidanın sözlərinə görə, Pərviz son dəfə işə gedib, həmin gündən məzuniyyətə çıxıb: "2021-ci ilin dekabrında evdə olduğu müddətdə demək olar ki, Pərviz hər gün içki içir, münaqişə yaradırdı. Ailə üzvlərim və qonşularımız tez-tez səs-küyümüzü eşidirdi. Atam-anam Pərvizə səs-küy salmaması ilə bağlı irad bildirirdilər. Pərvizin atasına dəfələrlə oğlunun hərəkətləri və məni incitməsi barədə şikayət etmişəm".
"Məni güclə maşına mindirdi"
Fidan qeyd edib ki, yeni ili evdə qanqaraçılıqla keçirib: "Qızlarımız atalarının xasiyyəti, içki içməsinə görə ondan uzaq durmağa çalışırdılar.
Hadisə günü Pərviz yenə içkili vəziyyətdə axşam saat 19.30-da evə gəldi. Əlində 2 lirtlik çaxır vardı. Çaxır şüşəsinin ağızını açaraq içəndə həyətdən bağa keçən hissədə yerə yıxıldı. Çaxırın yarısı yerə töküldüyü üçün aşağıda olan yardımçı tikilidə yenə məni, anamı, uşaqlarımı söydü.
Atam Bəhruz yanvarın 1-də Sumqayıt şəhərində yaşayan bacımgilə getdiyi üçün evdə azyaşlı qızlarım və anam qalmışdı. Pərviz araq istədiyini dedi. Anamın yanında Pərviz bıçağı əlinə götürərək onunla birlikdə araq almağa getməyimi istədi. Sonra çöldə dayanmış maşınına doğru getdi. Mən getmək istəməsəm də, bağıraraq məni maşının ön sərnişin yerinə mindirdi.
Arxa küçə ilə gedərkən maşının ön sağ tərəfi qonşulardan birinin hasarına dəydi".
"Əmim oğlu məni maşında tək oturan gördü"
Fidanın ifadəsinə görə, Pərviz bundan sonra maşından düşüb və söyərək ona sürücü yerinə oturmağa məcbur edib: "Maşını işə saldım, sürətl qutusunun dəstəyini dəyişərək ayağımı pedallara basmağı tapşırdı. Beləliklə, ərimlə bir yerdə onun göstərişləri ilə maşını sürdüm və Qazax şəhərində yerləşən "Məkan" adlı kafenin yaxınlığına getdim.
Pərviz maşından düşərək həmin kafeyə getdi. Təxminən 50 dəqiqə orada maşında gözlədim. Kafenin yaxınlığında anamın əmisi oğlu Aydın məni maşında tək oturan gördü, bunun səbəbini soruşdu. Pərvizin içkili halda kafedə olduğunu dedim.
Aydın içəri girdi, təxminən 15 dəqiqə sonra Pərvizlə geri qayıtdı. Aydın tanışı ilə məni və onu evimizin qapısına qədər gətirdi. Biz maşından düşərək evə girdik. Təxminən yarım saat sonra əmim Vaqif gəldi, uşaqların maşını səhvən onların qapısına qoyduğunu dedi. Tanımadığım şəxslər maşını gətirərək qapının ağzında saxlayıb sonra getdilər.
Təxminən saat 11 radələrində Pərviz yenə içkili halda yardımçı tikilidə olan əşyaları dağıtdı, stolu qaldıraraq üstündəki əşyaları yerə atdı. Qab-qacağı qırdı".
"Atasına "istəyirsənsə öz arvadını boşa" dedi"
Fidan deyib ki, həmin vaxt böyük qızı evdə yatırmış: "Balaca qızım da atasının hərəkətini görüb bacısının yanına evə qalxdı. Pərviz ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Qışqıra-qışqıra həyət darvazasının yanına çıxaraq əmimgilə tərəf qışqırdı. Dedi ki, Vaqif, gəl bunların əskikliyinə, şərəfsizliyinə, hərəkətlərinə bax. Anama dedim ki, əmimi çağır, Pərvizi sakitləşdirsin.
Təxminən 15-20 dəqiqə sonra əmim gəldi. Bir saata yaxın Pərvizi yardımçı tikilidə anamın yanında sakitləşdirməyə çalışdı. Amma o, yenə də mənim və anamın ünvanına nalayiq ifadələr işlətməyə başladı.
Əmimin sözlərinin heç bir xeyri olmadığını gördükdə əvvəlcə mən, sonra anam onun atasına zəng vurduq. Ona tez gəlməsini, oğlunun bizi qırıb-batırdığını dedik. Atası Pərvizi oğul kimi sildiyini söylədi, polisə müraciət etməyi məsləhət gördü. İkinci dəfə anam təkrar yenə Pərvizin atasına zəng etdi, gələrək oğlunu sakitləşdirməyini xahiş elədi.
Pərvizin atası təxminən yarım saat sonra qaynı ilə gəldi. Pərvizdən niyə bizi incitdiyini soruşdu, istəmirsə boşanmağını dedi. Pərviz isə "mən arvadımı azadlığa buraxası deyiləm, istəyirsənsə sən öz arvadını boşa" cavabını verdi.
Pərvizin anası uşaq vaxtı vəfat etdiyi üçün atası ikinci dəfə ailə qurmuşdu. Oğlunun belə danışdığını gördü, şəkər xəstəsi olduğu üçün əsəbiləşdi. Digər oğlunun təkidi ilə gəldikdən təxminən yarım saat sonra getdi.
Əmim Pərvizə dedi ki, get evə, yatıb sakitləş. Pərviz evin giriş pilləkənində oturaraq siqaret çəkdi".
"Pərvizi yatağa apardım"
Fidanın sözlərinə görə, Pərviz yenə də anasını və onu söyməyə başlayıb: "Dedi, bu gecə yatmaq yoxdur, nə qədər oturacam, siz də mənimlə oturacaqsız. Məni tutaraq "get baltanı gətir, sizin hamınızı doğrayacam, belə həyatda yaşamaqdansa gedib türmədə yaşayaram" söylədi.
Hələ axşam təzə gəldiyim vaxtdan həmin sözü dediyi üçün gizlincə həyətdə olan əl damındakı baltanı götürdüm və anama otağına, Pərvizin girmədiyini bildiyim üçün yataq otağıyla üzbəüz olan onun iş otağına apardım, şkafın böyrünə qoyaraq gizlətdim.
Pərviz sərxoş vəziyyətdə olduğu üçün onun qoluna girdim, evdəki pilləkəndən qalxanda sol tərəfdəki yataq otağına apardım. Təxminən 3 il ərzində balaca qızım bizimlə bir yerdə yatdığı üçün Pərviz gecələr içkili halda tez-tez o tərəf, bu tərəfə çevrildiyi üçün uşağı əzməməyinə görə ona yerdə yataq açırdım.
O vaxtdan Pərviz yerdə, mən çarpayıda tək yatırdım. Pərviz şalvarını soyunaraq yerinə girdi. Mən də yandakı çarpayıya uzandım".
"İlk zərbəni vurdum"
Fidan bildirib ki, Pərviz otaqda siqaret çəkməyə başlayıb: "Sonra mənə aşağıdakı yarımçıq arağı gətirməyimi istədi. İmtina elədim, mənə möhkəm bir şillə vurdu, zərbədən yerə yıxıldım. Təkrar qışqırdığı üçün anam və uşaqlarım duracağından qorxdum, gedərək arağı gətirdim. Şüşəni başına çəkərək 250 qram içdi, şüşə tam boşaldı. Araq butulkasını yerə qoydu.
Bir saat sonra Pərviz ayağa durdu və m"sizə demişdim ki, bu evdən bu gecə heç kim sağ çıxmayacaq" dedi. Ayağa qalxaraq şalvarını istədi. Həyətdən evə düşən işıqda şalvarını əyninə geyinərkən səndələdi, böyrü üstə yatağa yıxıldı.
Pərviz yıxılandan sonra onun məni öldürmək istədiyinə görə anamın iş otağına getdim, şkafın böyrünə qoyduğum baltanı götürdüm, qaçaraq otağa qayıtdım.
Mən gələndə Pərviz sağ dirsəyini yerə qoyataq qalxmağa çalışırdı. Smma sərxoş olduğundan müvazinətini saxlaya bilmədi, sağ böyrü üstə yastığa yıxıldı. Pərvizin yıxıldığını görərək baltanı hər iki əlimlə tutdüm və onun boynunun sol arxa hissəsindən var qüvvəmlə ilk zərbəni vurdum.
Zərbədən Pərviz xırıldamağa başladı. Daha sonra iki dəfə başının sol hissəsindən yenə də həmin balta ilə vurdum. Pərviz hərəkətsiz qaldı, xırıldamağa davam etdi. Baltanı ayaq tərəfdəki divara söykədim. Yorğanı Pərvizin üstünə çəkdim, özüm də hadisənin həyəcanı ilə otaqdakı ventilyatorun yanında yerə çökərək dayandım".
"Yatdığını dedim"
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 20 dəqiqə yerə çökmüş vəziyyətdə qalıb: "Etdiyim əməldən peşmançılıq çəkməyə başladım. Otaqdan çıxaraq qapını örtdüm, aşağıdakı yardımçı tikiliyə getdim. Orada qaz peçini yandırdım, qaranlıqda oturaraq gözləməyə başladım. Təxminən 07.30-da anam yuxudan ayıldı, yardımçı tikiliyə gəldi. Nə tez durduğumu soruşanda, başım ağrıdığını, dərman içməyə gəldiyimi söylədim.
Anam Pərvizi soruşanda, otaqda yatdığını dedim. Bundan sonra qızlarım da səhər saat 10-a işləmiş duraraq yanıma gəldilər. Atalarını soruşanda içkili olduğunu, yatdığını bildirdim. Gün ərzində bir neçə dəfə qapını açıb tərpəniş olub-omamasına baxdım. Evdəkiləri şübhələndirməmək üçün bir neçə dəfə əlimdə çay və şirniyyat otağa girdım, sonra geri qayıtdım.
Gün ərzində anamgil bir neçə dəfə Pərvizi soruşsular da, onun durub və sonra təkrar yatdığını bildirdim. Adətən Pərviz içkili olandan sonra yuxu dərmanı içərək yatırdı".
"Polisə təslim oldum"
Təqsirləndirilən şəxs bildirib ki, yanvarın 3-də axşamüstü atası Sumqayıtdan evə qayıdıb:
"Atam vəziyyətinin necə olduğunu, Pərvizin bizimlə dalaşıb-dalaşmadığını soruşdu. Pərvizin sırağagün aləmi bir-birinə qatdığını, gecə də bizi yatmağa qoymadığını, içəridə sərxoş vəziyyətdə yatdığını dedim. Yanvarın 3-də gecə qızlarımla bir yerdə yatmışam. Atam aşağıda, anam isə yanmızda yatıb.
Yanvarı 4-də səhər saat ona işləmiş yuxudan durdum, qapını yoxladım, pis qoxu gəldiyini hiss elədim. Artıq gizlətməyin mənası olmadığını başa düşdüm. Atam çölə getdi, anama balta ilə Pərvizi sırağagün gecədən vuraraq öldürdüyümü bildirdim. Anam əvvəlcə inanmadı, otağa gedərək baxmaq istədi. Onu otağa qoymadım.
Qızlarımı çağırdım və anama bəhanə ilə onları əmimgilə aparmağı tapşırdım. Çöldə olanda anama yavaş səslə polis şöbəsinə təslim olmağa getdiyimi dedim. Anam uşaqları əmimgilə apardı.
Əmimgildən zəng edərək atamı evə çağırdım. Olanları ona da danışdım. Anamın həmişə evdə olan telefonu ilə taksi şirkətinə zəng etdim, taksi sifariş etdim. Atamla birlikdə taksiyə mindik və Ağstafa rayon polis şöbəsinə gəldik. Atam çöldə gözlədi. Mən isə növbətçi hissəyə getdim, ərimi balta ilə öldürdüyümü, meyitinin evdə olduğunu, könüllü təslim olmağa gəldiyimi bildirdim. Törətdiyim əməldən çox peşmanam".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Fidan 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.