Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Şikayət hakim Vaqif Mursaqulovun icraatına verilib.
Artıq ilkin hazırlıq iclası keçirilib və təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Mahmudova 19 il və S.Məmmədov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Kamran Mahmudov 2015-ci il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin S.Məmmədov və onun sevgilisi L.Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs həmin il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S.Məmmədov K.Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K.Mahmudovun isə bizneslə məşğul olub.