Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nadir Babayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.
Qeyd: Nadir Babayev iki nəfəri iş qurmaq adı ilə aldatmaqda ittiham olunur.
İttihama görə, təqsirləndirilən şəxs Tamerlan adlı tanışından İstanbuldan məşhur “Paşabahçe", “Güral Porselen” və digər brend firmalara məxsus müxtəlif çeşidli qab-qacaq gətirərərk Bakıda satmağı və qazanc əldə etməyi təklif edib. Bu məqsədlə də ondan 95 200 manat pul alıb. O , başqa bir nəfərdən - “Loğman” klinikasının baş həkimindən isə restoran tikib işlətmək adı ilə 58 min manat pul alıb.
Həbs edilən Nadir bildirib ki, 2018-ci ilin əvvəllərindən İstanbul şəhərindən “Paşa Bahçeli”, “Gural Porselen” və digər adları yadında qalmayan brend firmaların qab-qacaq və digər mətbəx avadanlıqlarını gətirməklə və restoranlar şəbəkəsi işlətməklə məşğul olub.
Müttəhim söyləyib ki, yaxşı qazanc əldə etdiyindən gətirdiyi malların çeşidini çoxaltmaq və dövriyyəni artırmaq məqsədi ilə sinif yoldaşı Sami Əfəndiyevdən borc pul götürüb, əldə etdiyi qazancdan ona da hörmət edib. Bundan sonra bu işi zərərçəkmiş kimi tanınan Tamerlana təklif edib.
Nadir bu işdən hər ay Tamerlana 2000-5000 manat arası qazanc vəd verib. Tamerlan pulları hissə-hissə sürücüsü Hafiz vasitəsi ilə Nadirin sürücüsü Orxana çatdırıb. Nadir də qazancı sürücü vasitəsi ilə göndərib.
Nadir bildirib ki, Tamerlandan aldığı pulları və öz pullarını Türkiyədən mal almaq üçün Suad Çakıcıya verib. Onun sözlərinə görə, Suad Çakıcıya verdiyi ümumi məbləğ 270 min dollardır. O, həmin məbləğin bir hissəsini Bakıda, bir hissəsini isə Türkiyədə Çakıcıya verdiyini bildirib. Onun dediyinə görə, Çakıcı və digər şəxslər sonradan yoxa çıxıb və onu aldadıblar. Buna görə də Tamerlanın pulunu qaytara bilməyib.
Avtomobilini borcunun qarşılığında Tamerlana verdiyini deyən Nadir bildirib ki, 8 100 manat nağd pulu da zərərçəkmişə qaytarıb. Amma maddi imkanı olmadığı üçün qalan pulu qaytara bilmir. O, Tamerlana 34 800 manat borclu olduğunu etiraf edib.
İş üzrə digər zərərçəkmiş şəxs isə “Loğman” klinikasının baş həkimi İlqar Quliyevdir.
Nadir İlqar Quliyevlə qayınatası İbrahim İbrahimov vasitəsi ilə tanış olub. İbrahim İbrahimov klinikaya gedib-gələrkən Mustafa adlı həkimə kürəkəninin restoranlar şəbəkəsi işlətdiyini deyib. Həkim də söhbət zamanı bunu baş həkimə bildirib.
İbrahim İbrahimov qeyd edib ki, Nadir Bakıda fəaliyyət göstərən məşhur “8 kafe”, “İncir”, “Park Çinar”, “Tezbazar” restoranlarını işlədir.
Baş həkim İlqar Quliyev sahibi olduğu klinikanın birinci mərtəbəsində restoran açmağı Nadirə təklif edib. Təklifə əsasən restoran açılıb və aylıq icarə haqqı olaraq İlqar Quliyevə 800 manat ödənilib.
Sonra İlqar Quliyev Nadirin işlətdiyi “8 kafe” restoranında olan zaman ərazidə olan boş torpaq sahəsini görüb və orada restoran tikməyi təklif edib. Nadir onunla razılaşıb. Restoran tikmək üçün 104 min manat lazım olub. Həmin məbləğin 58 min manatı İlqar Quliyev tərəfindən Nadirə verilib. Nadir həmin pulu ayrı-ayrı işlərə xərcləyib. Bir hissəsini Türkiyədəki işinə, bir hissəsini evinə, bir hissəsini isə Bakıda işlətdiyi resotoranların xərcinə verib. Amma nəzərədə tutulan restoran tikilməyib.
Nadir bu işlərdə özünü təqsirli bilməyərək söyləyib ki, dələduzluq etmək niyyəti olmayıb. O, baş verənləri uğursuz biznes adlandırıb.