RegionTV.info
İsveçrənin Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Səfirliyin dəstəyi ilə Xocalı Soyqırımının 31-ci ildönümünə və Türkiyə Respublikasında fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanların əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.
Tədbir bir dəqiqəlik sükutla başlayıb. Açılış hissədə çıxış edən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras qonaqları salamlayıb və həm Azərbaycan həm də Türkiyənin yeni tarixində üzləşdikləri faciə, fəlakət və itkilərdən danışıb. O, ən çətin anlarda dövlətlərimizin və insanlarımızın bir birinin yanında və biri birinə dəstək olmalarının vacibliyini vurğulayıb.
Tədbirdə nitq söyləyən Azərbaycanın İsveçrədəki Fövqəladə və Səlahiyyətli səfiri Fuad İsgəndərov Birinci Qarabağ Müharibəsi veteranı olaraq o illərin dəhşətlərindən və acı həqiqətlərindən danışıb. O, Xocalı qurbanlarını dərin hüzn hissi ilə yad edib, Türkiyədə baş vermiş son zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanlara rəhmət diləyib. F.İsgəndərov qeyd etmişdir ki, tarix kitabımızın acı dolu səhifələri ilə yanaşı qürur hissi verən və zəfərlə yazılmış hissələri dövlətlərimizin və insanlarımızın nə dərəcədə güclü iradə və sadiqliyə malik olduğunu nümayiş etdirir.
Tədbirin sonunda dünyalarını dəyişmiş insanların ruhuna dualar oxunub.