Tikinti şirkətləri binalardan çıxarılacaq.
RegionTV.info-nun xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
“Məlum olduğu kimi, Mənzil Məcəlləsinə görə çoxmənzilli binaları sakinlərin ümumi yığıncağı idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir. Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovurmağa davam edirlər. Hətta onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər. Əksəriyyət elə düşünür ki, guya çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan başladım. Binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov adlı tikinti maqnatına məxsus “Komfort Yaşam” MMC idarə edir. Halbuki, ümumi yığıncağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum.
Xətai rayon məhkəməsi (hakim Aygün Həsənova) iddiamı təmin etmədi. 10 fevral 2023-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara aldı ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır.
Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində də qaldı. Yanlış mövqedir, çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil.
Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq. Yəqin ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək. Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın”, - Ə.Həsənov qeyd edib.