Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan və Qazaxıstan respublikalarının Daxili İşlər nazirlikləri arasında Memorandum imzalanıb

RegionTV.info

Fevralın 22-də Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.

Nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir V.Eyvazov bu səfərin iki dost ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, dövlətlərimiz arasındakı əlaqələrin hər zaman strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladan nazir hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirərək ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə nazir V.Eyvazova məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyini bildirib.

Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında memorandum”u imzalayıblar.

Qəbulda ölkəmizin Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qazaxıstan Respublikasındakı nümayəndəsi, polis polkovnik-leytenantı Ənvər Zöhrabbəyli iştirak ediblər.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xidmətinə və “102 – Zəng Mərkəzi”nə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də