Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qubada alma ağaclarını kütləvi şəkildə qırıb odun kimi satırlar – İlginç SƏBƏB

RegionTV.info

Quba və Xaçmaz rayonlarında bağçılıqla məşğul olan şəxslər kütləvi olaraq alma ağaclarını kəsməyə başlayıblar. Kəsilən ağaclar yol kənarlarında odun kimi satışa çıxarılıb. 

Bəs görəsən, öz almaları ilə məşhurluq qazanan qubalılar niyə bağları məhv edirlər?

Xaçmaz rayon İH başçısının müavini Bəxtiyar Osmanov bildirib ki, bağçılıqla məşğul olan fermerlər köhnə bağların artıq səmərə vermədiyini əsas gətirərək yeni bağlar salmağa üstünlük verirlər.

Buna görə, qurumuş, məhsuldarlığı az olan alma ağaclarının çıxarılması həyata keçirilir. Bu, həm də yaza hazırlıq işlərinin bir hissəsidir. Bəzi bağlarda isə budama işləri aparılır.
Alma ağaclarının qırılmasına Aqrar Xidmətlər Agentliyinin Quba regional təlim mərkəzinin aparıcı mütəxəssisi Pərvin Süleymanov da münasibət bildirib. Onun sözlərinə görə, fermerlər köhnə sort alma ağaclarını səmərəli saymırlar:

“Bu prosesi alma biznesi ilə məşğul olan sahibkarlar həyata keçirir. Onlar indi həm məhsulun təyinatını, həm də sxemini dəyişirlər. Qırılan alma ağaclarının yerində fındıq, yonca əkməyə üstünlük verənlər də var. Sxemi dəyişənlər isə məhsulun səmərəliliyinin daha çox artmasını əsas götürürlər.

Belə ki, əvvəlki sxemdə 5×3 sxemilə 1 hektar bağda olan 667 alma ağacından maksimum 30-40 ton alma götürmək mümkün olurdu. Yeni 4×1 sxemi ilə əkilmiş bağda isə 2000-3000-ə qədər ağac olur. Yeni bağın məhsuldarlığı isə 100 tona çatır. Yəni indi sahibkar işlərini bazar iqtisadiyyatının tələblərinə uyğun planlayır”.

P. Süleymanovun fikrincə, görülən işlər və aparılan yeniliklər Quba almasının gələcəyini təhlükə altına almır. Bunun elə də təsiri olmayacaq.

Amma yerli əhalinin dediyinə görə, Qubada artıq yerli alma sortu tapmaq müşkül məslədir. İndi əsasən məhsuldar sortlar əkilir, onların da əksəriyyəti geni dəyişdirilmiş meyvələrdir.
Bir çox fermerlər isə istehsal istiqamətlərini tamamilə dəyişdirirlər. İndi Qubada almadan çox geni dəyişdirilmiş gilas ağacları əkilir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də