Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı xilasedici: "Dağıntıların altından sağ çıxardığımız balaca qızın baxışları gözümün önündən getmir"-VİDEO

RegionTV.info

"Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ nəticəsində yaranmış dağıntıların altından insanları sağ tapanda çox sevinirik. Biz daha çox insanların sağ çıxarılması üçün çalışırıq".

 

Bunu "Report"un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nadir İsgəndərov deyib.

 

O, sözügedən şəhərdə axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlə birgə dağıntılar altında qalmış 5 nəfəri xilas etdiklərini bildirib.

 

Fevralın 7-dən etibarən Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edildiyini xatırladan N.İsgəndərov söyləyib ki, dağıntılar altındandan indiyədək xeyli sayda meyit çıxarıblar:

 

"Eyni zamanda dağıntılar altından bir neçə nəfəri xilas etmişik. Dağıntıların altından insanları sağ tapanda çox sevinirik. Biz daha çox insanın sağ çıxarılması üçün çalışırıq. Dağıntıların altında sağ adam tapanda, bütün qrup işləri dayandırır və onunla məşğul olur. Bizim qrup dağıntılar altından indiyədək 5 nəfəri sağ çıxarıb. Onların içərisində azyaşlı uşaqlar da var".

 

Xilasetmə əməliyyatları zamanı dağıntılar altından insanları necə çıxarmalarından söz açan N.İsgəndərov bildirib ki, bu, ağır və çətin olduğu qədər həm də məsuliyyətli bir peşədir:

 

"Səhər saat 06 radələri idi, qrupumuz ərazidə əməliyyata başladı. Dağıntılar altından kiminsə olub-olmadığını müəyyənləşdirmək üçün səsləyirdik. Həmin vaxt oradan səs eşitdik, tez axtarışa başladıq. Uzun poseslərdən sonra Ayşə, Zeynəb və Tamilla adlı qızları dağıntılar altından çıxara bildik. Onları xilas edənədək başlarını qatmaq üçün söhbət edirdik, müxtəlif suallar verirdik".

 

N.İsgəndərov qeyd edib ki, axtarış-xilasetmə əməliyyatlarının ilk günündə bir uşağı xilas ediblər:

 

"Axtarış-xilasetmə əməliyyatlarının ilk günləri idi. Ərazidə işlər aparırdıq. Çətinliklə dərinliyə irəlilədik. Birdən səs gəldi, yaxınlaşanda gördük ki, dağıntılar altında balaca qız var. Adını soruşanda Minə olduğunu söylədi. Məndən tez ata və anasını soruşdu. Uşağın valideynləri isə dağıntılar altında qalaraq ölmüşdü. Minənin ata və anasından başqa digər 3 bacısı da orada həlak olmuşdu. Dağıntılar altında tək Minə sağ qalmışdı. Qız onların meyitlərini görməmişdi. O, məndən valideynlərini soruşan zaman bildirdim ki, "çöldə səni gözləyirlər". Sonra dayanmadan məndən su istədi. Su verdim ki, bir qurtum içib dodağını yaşlasın. Ərazi təhlükəli olduğu üçün onu tez bir zamanda xilas etmək istəyirdik. Minənin əlindən su butulkasını aldım, lakin vermək istəmirdi. Mən həyatımda ilk dəfə bir uşağın əlindən su almağa çalışdım. Bu da mənə çox təsir etdi. Sonra işimizə davam etdik və xilasedici yoldaşlarımızla birgə Minəni dağıntılar altından sağ çıxardıq. O, heç bir xəsarət almamışdı. Həmin əməliyyat, təxminən, 3 saat çəkdi. Ərazini dırnağımızla qazanaq irəliyə doğuru gedirdik. Minənin baxışları, "əlimdən tut" deməsi hələ də gözümün qabağından getmir, gecə yuxuma da girir. O, çox ağıllı, şirin qız idi".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də