Bakıda polis şöbəsində arvadını öldürməkdə təqsirləndirilən serjant İsmayıl Məmmədovun barəsindəki hökmdən kassasiya şikayəti verib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim Nazim Mövsümovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Bakı Ağır Cinayətlər Məhkləməsinin hökmü ilə sabiq polis 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin hüquqi varisinin qaldırdığı 205 min manatlıq mülki iddiadan yalnız 8 min manatı təmin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin mülki iddia ilə bağlı çıxardığı hissəsi dəyişdirilib.
Belə ki, zərərçəkmişin hüquqi varisinin qaldırdığı mülki iddiadan yalnız 10 min manatı təmin olunub. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb.
Qeyd: İsmayıl Məmmədov 2021-ci ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. Bu zaman rəis məsələni aydınlaşdırmaq üçün ərazidə xidmətdə olan İsmayılı şöbəyə çağırıb. O, azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.