Bu gün Baku TV-nin yaranmasından 5 il keçir.
RegionTV.info xəbər verir ki, kanalın direktoru Ramin Cəfərov oxu.az-a bu müddət ərzində qazanılan uğurlardan və gələcək hədəflərdən danışıb.
Onunla müsahibəni təqdim edirik:
- Ramin müəllim, sizi təbrik edirik. Ötən 5 ildə Baku TV-nin keçdiyi yolu, qazandığı uğurları necə ifadə edərdiniz?
- Baku TV 5 il ərzində Azərbaycan tamaşaçısı üçün çox faydalı olub. İlk növbədə operativliyimiz, kreativliyimiz, yeni mediada olan innovasiyalarla diqqət çəkdik. Baku TV rəqəmsal mediaya yenilik gətirən internet televiziyasıdır. Vətən müharibəsi dönəmində də biz çox yaxşı nəticələr əldə etdik, media reklamı apardıq. Buna sübut olaraq, Baku TV-nin bütün Rusiya telekanallarında loqosunun görünməyini qeyd edə bilərik. Çünki Rusiya telekanalları ancaq operativ və internet vasitəsilə yayılan materiallardan istifadə edirdilər.
Həmin dönəmdə biz gördük ki, doğrudan da Baku TV düzgün istiqamətdədir. Hər şeyi operativ və obyektiv formada tamaşaçıya çatdıra bilir.
5 il ərzində Baku TV həm öz inkişafında, həm də auditoriyasının genişlənməsində böyük işlər görüb. 1 il yarımdır rusdilli redaksiya açmışıq. Bu, bütün MDB ölkələrində tanınır. Rusiyanın, Ukraynanın, digər ölkələrin ekspertləri Baku TV-yə verdikləri müsahibələrini paylaşırlar, bizə etibar edirlər. Bu, çox yaxşı nəticədir. Azərbaycanda üç televiziyada rus redaksiyası fəaliyyət göstərir: Azərbaycan Televiziyası, CBC TV və Baku TV. Digital platformada ən fəalı isə Baku TV və CBC TV-dir. Bu say iki yox, daha çox olmalı idi. Rus dili MDB ölkələri arasında təbliğat dilidir. Bu dilə istədiyimiz formada səsimizi və Azərbaycan həqiqətlərini çatdırmaq üçün əhəmiyyət verməliyik. Bu sahəni inkişaf etdirməyi, gələcəkdə digər dillərdə də yayımı planlaşdırırıq.
- Baku TV-nin media məktəbi də yaradılıb. Bu sahədə fəaliyyətiniz hansı səviyyədədir?
- Son 6 aydır ki, rəqəmsal media məktəbi açmışıq. Bu, sosial layihədir və heç bir ödəniş tələb edilmir. Biz 5 il ərzində əldə etdiyimiz, uğur gətirən formulu gənclərlə bölüşməyə, onlara öyrətməyə çalışırıq. Ali təhsil müəssisələrində jurnalistlər nəzəri biliklər əldə edirlər. Biz isə çalışırıq ki, onlara təcrübələrimizi öyrədək. O qədər istedadlı gənclər müraciət edirlər ki, layihə başlayanda 10 nəfərdən birini işlə təmin etməyi düşünürdüksə, indi bu sayı 3-ə qaldırmışıq. Çünki gənclərin istedadı, bu sahədə çalışmaq istəməyi bizim də komandamızı genişləndirməyimizə imkan yaradır.
- Kanalın əsas auditoriyası sosial şəbəkələr üzərində formalaşan səhifələr hesabına da genişlənir. Bəs gündəlik nə qədər izlənmə əldə edirsiniz?
- Baku TV 5 il ərzində çoxsaylı abunəçi qazana bilib. Sosial şəbəkələrdə ümumilikdə 1 milyondan çox abunəçimiz var. Biz gün ərzində 2 milyona qədər baxış əldə edirik. Bu yalnız “YouTube” üzərindən gələn baxış sayıdır. Digər sosial şəbəkələri də toplasaq, daha yüksək göstəricini qeyd etmək olar.
Biz çox şadıq ki, bu qədər unikal tamaşaçı auditoriyamız var. Onların rəğbətini qazanmışıqsa, səbəbkar 100 nəfərdən ibarət komandamız, bizə etimad göstərən daxil olduğumuz “Global Media Group”in rəhbərliyidir. Düşünürəm ki, Baku TV komandası bu etimadı doğrultdu. Rəqəmlər və nəticələr öz sözünü deyir.
- Tamaşaçılar Baku TV-ni daha çox xəbər, operativ informasiya və sosial məzmunlu verilişləri ilə tanıdı. Gələcəkdə daha hansı formatda verilişlər hazırlamağı düşünürsünüz?
- Bizim verilişlərimizin hamısı insanlarla bağlı olacaq. Çünki insan ən vacib resursdur, mövzudur. Düzdür, insanları texnologiyalar da cəlb edir, amma daha çox insanlar, onların həyatı, gördüyü işlər, yaşadıqları maraqlıdır. Ona görə bu cür layihələrə fokuslanmışıq, həmsöhbət layihələrimiz kifayət qədərdir. Bununla bərabər bizim tarixi, keçmişdə baş vermiş hadisələri, yaşamış şəxsləri və yaşanmış hadisələri, heç kimin bilmədiyi məqamları da işıqlandırmağa çalışırıq. Bir sözlə, biz tamaşaçımızı maarifləndirmək və elə insanları təqdim etmək istəyirik ki, qürurla qəbul etsinlər, izləsinlər.
- Tamaşaçılardan geri dönüşlər alırsınız?
- Bu, çox aktual və vacib məqamdır. Çünki bizi inkişaf etdirən tamaşaçıların rəyləridir. Klassik telekanallardan fərqli olaraq, internet televiziyasında tamaşaçı tək izləməklə kifayətlənmir, həm də izlədiyinə fikir, şərh bildirə bilir. Həmin şərhlər bizim səhifəmizdə qalır. Həmin şərhlərə uyğun bəzən istiqamətimizi də dəyişirik. Biz anlayırıq ki, tamaşaçımız nə istəyir, nə formada istəyir, necə istəyir?! Bizim tamaşaçılarımız çox unikaldır. Ziyalı və 20-55 yaş arası izləyicilər daha çoxdur. Bəzən elə şərhlər oxuyuruq ki, onu özümüzə istiqamət kimi müəyyən edirik. Görürük ki, çox düzgün fikirlər, ağıllı məqamlar qeyd edilir. Tamaşaçı rəyi işimizə kənardan qiymət verən komissiyadır.
Bizim adi bir süjetimiz 6 platformada yayımlanır. Bunun hər birində şərh bölümü var. Bu bölümlərdə tamaşaçılar fərqli və ya oxşar olan təklif, rəy yazırlar. Biz həmin fikirlərdən nəticələr çıxarmağa çalışırıq.
- Gələcəkdə daha hansı xarici dillərdə yayımı nəzərdə tutursunuz?
- Hamı üçün bəlli beynəlxalq dil var, bu, ingilis dilidir. Amma unutmamalıyıq ki, bizim düzgün təbliğat aparmalı olduğumuz ölkələr də var. Bura başlıca olaraq, Ermənistan və İran daxildir. Düşünürəm, həmin dillərdə də kontent hazırlamalıyıq ki, orada yaşayan insanlar düzgün məlumat ala bilsinlər. Bunun üçün gələcək planlarımız var. Ümumilikdə beynəlxalq redaksiya açmaq üçün çalışırıq və yaxın gələcəkdə bunun reallaşacağına inanırıq.
- Baku TV kollektivinə ürək sözləriniz və arzularınız…
- Baku TV-nin kollektivinə hər zaman bu cür işgüzar, kreativ və işə can yandıran münasibət arzu edirəm. Kollektivi təbrik edəndə də onların diqqətinə çatdırmışam ki, onların istəyi, zəhməti olmasaydı, bu cür nəticəyə qısa müddət ərzində gələ bilməzdik. Bunun arxasında bizim komandamız var, komandanın da adı Baku TV-dir. Hər zaman mediamızda yerimizi qorumağa, tamaşaçılara operativ və düzgün məlumatları çatdırmağa çalışırıq.
- Biz də, Oxu.Az kollektivi adından sizə uğurlar arzu edirik.
- Minnətdaram!