RegionTV.info
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Vüsal İmaməliyev saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir büküm narkotik vasitə olan heroin aşkar edilib.
Dindirilmə zamanı V.İmaməliyev narkotik maddəni tanışı Röyal adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini Röyal Əhmədov da saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsdən isə təmiz çəkisi 1 kiloqramdan artıq narkotik vasitə heroin götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
V.İmaməliyev və R.Əhmədov bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıblar.