Azərbaycanda uşaqlar arasında yayılan virus infeksiyalarının adı açıqlanıb.
RegionTV.info xəbər verir ki, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun (OMD) baş həkimi Azər Əhmədov report-a müsahibəsində bildirib ki, bu il ölkədə uşaqlar arasında mövsümi xəstəliklərə rast gəlinir.
O, qeyd edib ki, əvvəlki illərlə müqayisədə ötən ilin noyabr ayından sanki xəstə sayında artım müşahidə edilib:
“Təbii ki, həmin xəstəliklərin hamısı da bildiyimiz virus infeksiyalarıdır. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. İlk dövrlərdə uşaqlar arasında respirator sinsitial virus dediyimiz infeksiya çoxluq təşkil edirdi. Bunu daha sonra qrip kimi tanıdığımız “İnfluenza” virusu əvəzlədi. Daha sonra az sayda adenavirus, Epstein-Barr virusu (EBV) görsək də daha çox bakterial infeksiyaların A qrupundan olan Beta hemotilik streptokok dediyimiz boğaz infeksiyası yayıldı. Bu, 5 yaşdan yuxarı uşaqlarda daha təhlükəli fəsadlara yol aça bilir. Bu fəsadlara ciddi revmatizm, ürək zəifliyi aiddir. Hazırda həmin infeksiyalara az-az da olsa, rast gəlinir. Lakin yoluxma hallarının azalmasını müşahidə edirik. Bu da təbiidir. Çünki payız-qış mövsümünün bitməsinə yaxınlaşırıq”.