Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Ağacları yeni işçi götürüb maaşlarını mənimsəmək üçün kəsdilər”

Yardımlı rayonundakı Vüqar Nəciyev küçəsi 3 ünvanında salınan parkda 6 ədəd iri söyüd ağacı kəsilib.

RegionTV.info  xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Vətəndaşlar yaşı 20-dən çox olan bu ağacların kəsilməsindən şikayətçidirlər: “Əvvəl bu ərazi şəxsi mülkiyyət idi. Sonradan guya dövlət proqramı əsasında ərazi bizdən alınaraq park edildi. İllər əvvəl bu ağacları sakinlər əkib. Ağaclar Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin müdirinin göstərişi ilə kəsilib. Səbəb isə yerinə yeni ağaclar əkib, sonradan ağacın sayına görə işçi götürmək və onların maaşlarını mənimsəməkdir. Yəni ağac sayı nə qədər çox olursa, işçi sayı da ona uyğun olaraq çoxaldılır. Təbii ki, əslində işçi sayı elə eyni qalır. Digər kartlar mənimsəniləcək”.

İddialarla bağlı Yardımlı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan müraciətə belə cavab verilib: “Əgər Yaşıllaşdırma İdarəsi orada ağac kəsibsə, bunun üçün öncədən akt tərtib olunur, Ekologiyaya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilir. Nazirliyin nümayəndəsinin iştirakı ilə qurumuş ağaclar kəsilir və yerinə yeniləri əkilir. Əgər parkda yeni ağaclar əkilirsə, buna elə oranın işçiləri baxır. Yəni ərazi böyümürsə, ağac sayına görə işçi çoxalmır”.

Məsələ ilə əlaqədar Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin müdiri Balamir Adiyevlə də əlaqə saxlanılıb. Qurumun müdiri bildirib ki, ağaclar quruduğu və qurd basdığı üçün kəsilib: “Ora parkdır və biz həmin ərazidə gözəlləşmə işləri edirik. İki tərəfdə yeni, dekorativ ağaclar əkmişik. Akt yazılıb və aqronomların da iştirakı ilə ağaclar kəsilib”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də