Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunda kadr dəyişiklikləri olub.
RegionTV.info xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Naxçıvan Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov vəzifədən azad olunub. Onların prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
Kamran Əliyevin digər əmri ilə Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası vəzifəsi Ramal İbrahimovun üzərindən götürülərək o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.
Bundan əlavə Vüqar Hüseynova Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.