RegionTV.info
15 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı baş tutub.
Tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar.
Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Laçın yolunda yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verdiyini, lakin Ermənistan tərəfindən Laçın yolunun qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması üçün sui-istifadə edildiyini bildirib. Laçın yolunda etiraz aksiyaçılarının legitim tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib. Bölgədə guya “gərgin humanitar” vəziyyət yarandığı barədə iddiaların heç bir əsasının olmadığını vurğulayıb.
Nazir, həmçinin Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol verdiyini diqqətə çatdırıb.
Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.