“Şəhidlər xiyabanı”nda televiziya kanallarından birinə müsahibə verməyə hazırlaşarkən, polis mənə və çəkiliş qrupuna yaxınlaşaraq soruşdu: “İcazəniz var?” Kimdən icazə alınması gərəkliyini soruşdum. Dedi ki, Bakı şəhər icra hakimiyyətinin icazəsi lazımdır (?!). Bundan sonra dialoqumuz genişləndi:
- “Şəhidlər xiyabanında” müsahibə vermək üçün niyə Bakı şəhər icra hakimiyyətindən icazə alınmalıdır?
- Tapşırıq belədir.
- Kimin tapşırığıdır?
- Bizə belə deyiblər.
- Yolun o biri tərəfinə keçib Milli Məclisin və ya Alov qüllələrinin qarşısında necə müsahibə verə bilərəm?
- Hətta bulvarda müsahibə vermək istəsəz gərək icazə alasız.
- 25 ildir küçə və meydanlarda müsahibə verirəm və ilk dəfə eşidirəm ki, buna görə xüsusi icazə alınmalıdır. Arxa planda nəyisə çəkməmək olar, orası aydındır, ancaq ümumi meydanda niyə çəkiliş aparmaq olmaz?
- Qanunlar bunu tələb edir.
- Belə bir qanun haqqında ilk dəfədir eşidirəm. Axı hərbi obyektin və xüsusi dövlət idarəsinin qarşısında müsahibə vermirəm. Televiziya kanalı mənə zəng edib müsahibə almaq istəyib və mən də onları “Şəhidlər xiyabanına” dəvət etmişəm, indi həmin kanalın əməkdaşı 3 – 5 dəqiqəlik müsahibə üçün Bakı şəhər icra hakimiyyətindən necə icazə almalıdır. Bu gün Bakı şəhər icra hakimiyyətində bu işə cavabdeh olanlar da istirahət edirlər.
- İndi komandiri çağıraram.
- Bəli, çağırın aydınlaşdıraq.
Polis bir neçə dəfə telefonla danışır. Təxminən 15 dəqiqədir komandiri gözləyirik. Yenidən müraciət edirəm: “Komandir uzaqdadırsa, telefonla ondan soruşun, “Şəhidlər xiyabanının” girişində müsahibə vermək olar, ya yox?” Nəhayət polis mənə yaxınlaşaraq komandirin müsahibəyə icazə verdiyini söylədi.
Son illər polisimizə xeyli gənc kadr cəlb olunub. Çoxu mədənidir və qanunlardan xəbəri var. Bizə yaxınlaşan gənc polis də bizimlə mədəni davranırdı, ancaq ona ya tapşırıq doğru verilməyib, ya da qanunlardan xəbərsizdir. Özünə də izah etdim: “Şəhidlər xiyabanı bizim üçün müqəddəs yerdir və burda verilən müsahibə dəyərlidir. Sabah buradan reportaj hazırlamaq istəyən xarici jurnalistə Siz icazə ilə bağlı müraciət edib, onu dəqiqələrlə gözlətdirsəz bu dövlət siyasətimizə uyğun olmayacaq”.
Elxan Şahinoğlu, politoloq