Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu günə qədər 438 nəfər Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunub

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.

RegionTV.info  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, bu günə qədər 438 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub, onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam etməkdədir.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib. Səfirlik əməkdaşları tərəfindən sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.

Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də