Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə yaxın dəqiqələrdə Qaziantep hava limanına yola düşüb.
RegionTV.info xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bildirilib ki, yük təyyarəsi faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparır. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Fondun Türkiyəyə ezam olunan əməkdaşları yardımı faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.