Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda ögey bacısının 252 min manat pulunu oğurlayan şəxsdən xəbər var

Bakıda bacısının külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Mahir Əlizadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

RegionTV.info-nun əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 7-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o , 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbs olunub.

 

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

 

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

 

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də