RegionTV.info
Milli Məclisin (MM) Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq.
Bu barədə MM-dən məlumat verilib.
Müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.
Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaq.
Maraqlanan şəxslər öz tərcümeyi-hallarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcək.