Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadənin anadan olmasının 102-ci ildönümüdür.
RegionTV.info xəbər verir ki, əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə olan Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakının Novxanı kəndində doğulub.
Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlı olub. Etnik rus yəhudisi olan anası Fanya Korenman Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi-Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb.
1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ölkəni tərk edib Tehrana köçməli olurlar.
Lütfi-Zadə 1942-ci ildə Tehranda ali məktəbi bitirib, bir il sonra ABŞ-a gedib. 1946-cı ildə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb.
O, Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkli Universitetində dərs deyib.
Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb.
Azərbaycanlı alimin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.
Lütfi-zadə 2017-ci ilin sentyabr ayında 96 yaşında vəfat edib. Azərbaycanın dünya şöhrətli alimi I Fəxri Xiyabanda torpağa tapşırılıb.