Bakıda qətl törətməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: 2020-ci il oktyabr ayının 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov tutularaq istintaqa təhvil verilib.
Həmin vaxt isə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdı.