Bugünlərdə Siyəzən Rayon Polis Şöbəsinin şəxsi heyəti, eləcə də rayonun hüquq-mühafizə orqanlarının təmsilçiləri Vətən müharibəsində böyük sücaət göstərərək işğalda olan torpaqlarımızın azad olunmasında canından keçən şəhid Elnur Qafarovun və Sadiq Məmmədovun ailələrini ziyarət ediblər.
Görüşdə hər iki ailənin problemləri dinlənilib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, torpaqlarımızın azad olunmasında qəhrəman oğullarımızın igidliyindən və şücaətindən danışılıb.
Sonda polis əməkdaşları hər iki şəhidin azyaşlı övladlarına Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə hədiyyələr təqdim ediblər.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın, eləcə də aztəminatlı ailələri ziyarət ediblər.
Şöbə əməkdaşları onların problemləri ilə maraqlanıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim ediblər.
Sonda polislərin ziyarət etdikləri ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.