"10 noyabr gecəsi hamımız döyüş postlarımızda ağladıq..."
Amerikanın müstəqil jurnalisti sayılan, əslində isə ermənipərəst Rusiya müxbiri Semyon Peqovun yolunu gedən Patrik Lankaster Laçın rayonunun 10 Noyabr razılaşmasına rəğmən hələ də dinc(?) ermənilərin qanunsuz məskunlaşdıqları Zabux kəndindən növbəti reportaj hazırlayıb.
Moderator.az xəbər verir ki, əcnəbi jurnalist video-reportajını “You Tube” kanalında yerləşdirib.
Reportajda Zabux kəndində sülənən erməni snayper qarı - 63 yaşlı Karine Aqikyandan bəhs edilir. 1992-ci ildə Laçının işğalından sonra Ermənistandan köçüb burada yaşayan K.Aqikyan artıq 3-cü Qarabağ müharibəsində könüllü şəkildə vuruşduğunu deyir. O, Aprel döyüşlərində də iştirak edib. 44 günlük son savaşda isə Cəbrayılda döyüşüb. 1990-cı illərdən bəri Qarabağdakı müharibələrdə tibb bacısı, avtomatçı, snayper, qumbaraatan kimi iştirak edib. Müharibə olmayan illərdə isə Zabuxdakı məktəbdə erməni uşaqlara hərbi hazırlıq dərsi keçib. Müharibələrdə fəal iştirak etdiyinə görə ona medallar verilib. Müxbirin “Neçə azərbaycanlı öldürmüsən?” sualına erməni harsın gülə-gülə “Saymamışam” cavabını verir...
Evdəki görüntülənməyən digər eməni qadının Azərbaycana qarşı döyüşmüş və bəzi suallardan özünü itirən K.Aqikyana tez-tez nələrisə deməyi başa saldığı da eşidilir...
Erməni qarının sözlərinə görə, əcdadları Türkiyənin Van vilayətindəndir. Hazırda Türkiyədə qohumları yaşayır...
O deyir: “Biz 10 noyabr gecəsi hamımız döyüş postlarımızda ağladıq. Öncə Levon, sonra Sərkis, Köçəryan, sonda isə Paşinyan torpaqlarımızı satdılar. Bütün bu torpaqlarda bizim əcdadlarımız yaşayıblar... Hazırda kənddən 3 km yuxarıda və 3 km aşağıda Azərbaycan əsgərləri varr. Ancaq onlar buraya gəlmir...”
“Maraqlı müsahibə idi. Bu, əsl müharibə qəhrəmanıdır. Xahiş edirəm, layk edin. Mən yalnız izləyicilərimin hesabına pul qazanıram...” -deyərək reportajı bitirən ingilis jurnalist saxtakar, yalançı, terrorçu və işğalçı erməniləri təbliğ etmək hesabına pul qazandığını etiraf edir.