Hər şeydən əvvəl başımız sağ olsun. Terrorçuya müdaxilə edən səfirliyin qəhrəman əməkdaşı öz həyatını təhlükə altına ataraq, daha qanlı qətliamın qarşısını aldı. Şəhid olan qardaşımız isə canını verərək hadisənin yalnız dar məkanla məhdudlaşmasına nail oldu.
RegionTV.info xəbər verir ki, bu sözləri ölkəmizin İrandakı səfirliyində törədilən terror aktı haqqında danışan Türkiyənin terror və təhlükəsizlik eksperti Abdullah Ağar deyib.
Ekspert aktın əvvəlcədən tərtib edilmiş senari üzrə törədildiyini vurğulayıb:
"Terrorçunun sürdüyü maşınla səfirliyin xidməti avtomobilini vurması, səs-küyə görə binanın qapısının açılması və onun içəri daxil olması əvvəldən qurulan senarinin göstəricisidir. Senarinin bəsləndiyi faktor isə iki uşaqdır. Ona görə Tehran Polis İdarəsinin rəisi hadisə yerinə şəxsən gedib. Yəni bizi bir senariyə inandırmaq istəyirlər. Terrorçu öz izahatında arvadının on ay əvvəl Azərbaycan Səfirliyinə getdiyini, geri qayıtmadığını deyib. Qadın Azərbaycan Səfirliyində on aydır nə edir, kim onu saxlayır? Sonra iki uşaq hekayəsi, maşının vurulması ilə açılan qapı var. Normal halda nə olursa-olsun, çöldəkinin kimliyi bilinmədən səfirliyin qapısı açılmaz. Əvvəlcədən bu senari cızılıb və ona qadın, iki uşaq kimi fiqurlar əlavə olunub. Lakin kamera görüntüləri ortaya çıxdığı üçün senari pozulur".
Abdullah Ağar bildirib ki, səfirliklər, daimi nümayəndəliklər və baş konsulluqlar son dərəcə həssas yerlərdir:
"Çünki keçmişdə diplomatik nümayəndəliklərə hücumlara görə müharibələr olub. Azərbaycan Səfirliyinin və orada yerləşən digər diplomatik nümayəndəliklərin təhlükəsizliyini İran təmin etməlidir. Yəni bu məsələ qapının ağzına bir nəfər mühafizəçi qoymaqla bitmir. Bu, özündə diplomatik missiyalara aid bir yerin xarici və daxilində ciddi fiziki mühafizə tədbirlərinin görüldüyü, eyni zamanda xüsusi xidmət orqanlarının, mülki geyimli terror mütəxəssislərinin müxtəlif formalarda davamlı yoxlandığı kompleks yanaşma ilə görülən tədbirlərdir. Türkiyənin Bağdaddakı Səfirliyindəki xidmətim zamanı şahid olduğum bir məsələni örnək vermək istəyirəm. İraq dövləti işğal altında olmasına, zəifləməsinə və Türkiyə ilə münasibətlərin gərgin olmasına baxmayaraq, Səfirliyimizin qorunması üçün ətrafa iki yüz nəfərlik bir qrup səfərbər etmişdi. Həmin dəstə qırx-əlli nəfərlik qruplar halında mühafizəni təşkil edirdi, davamlı növbətçilik var idi. Hazırda Tehranın özündə belə vəziyyət gərgindir və sadə insanlar harasa getdikləri zaman bir neçə nəzarət postundan keçməli olurlar. Terrorçu isə öz avtomobili ilə rahat şəkildə gəlib özünü səfirliyin xidməti maşınına çırpır, "Kalaşnikov"u da hansısa gizli bir yerdən çıxarmır. Üstəlik "Kalaşnikov" doldurulmuş və atışa hazır vəziyyətdə idi".
Ekspertin sözlərinə görə, problem qapıdakı mühafizə ilə də məhdudlaşmır:
"Terrorçu kəşfiyyat və hüquq-mühafizə orqanlarının ümumi mənada qurduğu təhlükəsizlik sistemini keçərək ora kimi necə gəlib? Ortaya çıxan və cavabsız qalan çoxlu suallar var. Üstəlik İran rəsmilərinin verdiyi ziddiyyətli və ikibaşlı açıqlamalar da terror aktı ilə bağlı ciddi şübhələri ortaya çıxarır".
Mütəxəssis terrorun iki əsas məqsədə xidmət etmə ehtimalının olduğunu qeyd edib:
"Burada iki variant var: Birincisi odur ki, İran Azərbaycana gözdağı vermək istəyir; ikincisi, təhlükəsizliyin zəif təmin olunmasını fürsət bilən terror təşkilatları, dövlət olmayan aktorlar, yaxud bir sıra dövlətlərin dəstəklədiyi quruluşlar sözügedən terror aktını planlaşdırıb və həyata keçirib. Məqsəd isə onsuz da gərgin olan İran və Azərbaycan münasibətlərini daha kritik səviyyəyə, son həddə çatdırmaqdır. İrandan terror aktını bütün təfərrüatı ilə araşdırmasını, nəticəsini isə tutarlı və məntiqli faktlarla açıqlamasını gözləyirik. Vurğulamaq istədiyim məqamlardan digəri isə terrorun həyata keçirildiyi tarixdir. Bildiyimiz kimi, dünən həm də ASALA-nın diplomatlarımıza qarşı törətdiyi ilk terror aktından əlli il ötdü və həm də Holokostun anım günü idi. İstintaq zamanı bəhs etdiyimiz tarixlərin terrorçu və terroru planlaşdıranlardan ötrü motivasiya qaynağı olub-olmadığı mütləq şəkildə araşdırılmalıdır. Terror təşkilatları özləri üçün önəmli günlərdə terror aktları törədə bilirlər. Mübarizə apardığımız PKK və YPG terrorçularının da belə intiqam hücumu cəhdlərinin şahidi olmuşuq. Ona görə, 27 yanvarın terrorçular üçün nə demək olduğunu, hansı mənaya gəldiyini öyrənməliyik".