Pensiyaçılara artıq ödənilən məbləğ geri alınacaq.
RegionTV.info xəbər verir ki, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.
Mövzu ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova bildirib ki, dəyişikliyə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.
Onun sözlərinə görə, pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.
Qaydalara əsasən, bu məbləğ pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur.