Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aqiyə Naxçıvanlı: “Makron erməni lobbisinin mənafeyini Fransız xalqının maraqlarından da üstün tutur”

Aqiyə Naxçıvanlı: “Makron erməni lobbisinin mənafeyini Fransız xalqının maraqlarından da üstün tutur”


“Fransa prezidenti Emmanuel Makronun aşkar ermənipərəst mövqelərdən çıxış edərək qərəzli bəyanatlar səsləndirməsi ilk növbədə bu ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü və ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə kimi beynəlxalq nüfuzuna ciddi zərbələr vurur. Digər tərəfdən də bu bəyanatlar onların müəllifinin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməməsində maraqlı olduğuna dair ciddi şübhələr yaradır” – bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı demişdir.

Son günlər Fransa Prezidenti Emmanuel Makronun anti-Türk və anti-Azərbaycan əhval-ruhiyəsini təsdiq edən növbəti məqamların mətbuatda yer alması ölkəmizdə bu mövzunun yenidən müzakirəyə çıxarılmasına səbəb olub. O cümlədən məsələyə münasibət bildirən millət vəkili Aqiyə Naxçıvanlı qeyd edib ki, Fransa dövlət başçısının bu kimi bəyanatları aşkar destruktiv xarakter daşımaqla əslində heç erməni xalqının da maraqlarına xidmət etmir: “Əslində bu gün Fransanın Ermənistana dost ölkə kimi təqdim olunmasının özü də kifayət qədər şübhəli bir məqamdır. Çünki Fransa przidentinin verdiyi məsuliyyətsiz bəyanatlar ilk növbədə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasına qarşıdır. Yəni dolayısı ilə bu bəyanatlar Ermənistanı Azərbaycana qarşı yeni təxribatlara təhrik edə biləcək cəhdlər kimi qiymətləndirilə bilər. Bu isə Ermənistana baha başa gələbilər. Beləliklə də Makron əslində erməni xalqının deyil, öz ambisiyalarının əsiri olan və faşist ideologiyasına xidmət edən erməni lobbisinin maraqlarını ifadə edir. Eyni zamanda da Fransa prezidentinin tutduğu mövqe fransız xalqının da mənafeylərinin tam əksinədir. Çünki Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə ziyan gətirə biləcək istənilən bir addım ilk növbədə Fransanın özünün milli mənafeylərinə ziddir. Lakin görünən budur ki, bütüm bu məqamlar erməni lobbisinin sifarişlərini hər şeydən üstün tutan Makron üçün heç bir əhəmiyyət kəsb etmir.”
Həmçinin millət vəkili Fransa prezidentinin vasitəçi dövlətin başçısı kimi atdığı addımların əvvəldən qeyri-adekvat olduğunu da vurğulayaraq bunları deyib: “Bildiyiniz kimi, Fransa 1997-ci ildən Qarabağ münaqişəsinin dinc yolla həllini təmin etmək məqsədilə yaradılmış Minsk Qrupunun həmsədri kimi təsdiq olunub. Lakin aradan keçən bu 23 il ərzində Fransa bu istiqamətdə heç bir konstruktiv addım atmayıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçın və məcburi köçkünlərimizin öz daimi yaşayış yerlərinə qaytarılması üçün Fransa heç bir səmərəli təklif irəli sürməyib. Ermənistana qarşı işğalçı dövlət kimi hər hansı bir sanksiyanın tətbiq edilməsini müzakirəyə çıxarmayıb. Əksinə, bu ölkənin bütün fəaliyyəti ermənilərin işğal etdikləri ərazilərdə möhkəmlənməsinə, BMT-nin qətnamələrinə və digər beynəlxalq hüquqi-normativ aktlarına əməl etməmələrinə görə cəzasız qalmalarına, Azərbaycan ərazilərində törətdikləri soyqırımı və digər bəşər əleyhinə cinayətlərinin ört-basdır olunmasına yönəldilib. Bu yanaşma Makronun prezidentliyi dövründə daha da radikallaşıb. Emmanuel Makron Fransa prezidenti kimi fəaliyyətə başladığı ilk gündən bu ölkənin sahib olduğu ATƏT-in Minsk qrupunun həmsədri mandatından və bu sənədin verdiyi səlahiyyətlərdən indiyədək yalnız Ermənistanın maraqlarını müdafiə etmək üçün istifadə edib. Halbuki belə yanaşma ümumiyyətlə vasitəçilik missiyasının prinsiplərinə tamamilə ziddir. Makronun xüsusilə son dövrdə verdiyi açıqlamaları və göstərdiyi fəaliyyəti bir daha onu isbatlayır ki, Fransa indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində heç zaman ədalətli və bitərəf mövqelərdən çıxış etməyib. Birmənalı olaraq deyə bilərik ki, Emmanuel Makron bugünkü siyasətilə Fransanın bundan sonra da həm Azərbaycana, həm də Türkiyəyə qarşı qeyri-adekvat mövqe nümayiş etdirmək niyyətində olduğunu açıq-aydın ortaya qoyub.”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də