Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisi keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisi keçirilib



Derkabrın 28-də AHİK-in III Məclisinin onlayn iclası keçirilib. Məclisdə 2020-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti haqqında hesabat dinlənilib. AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə başlamış geniş miqyaslı xarakter daşıyan islahatlar respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşkili üçün zəmin yaratdı.

Bu ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə görə ölkəmizdə bir sıra sahələrdə, xüsusilə qeyri-neft sənayesində 11,4 faiz, kənd təsərrüfatında 2 faiz, informasiya-texnologiyaları və rabitə sektorunda 1,6 faiz artım qeydə alınmışdır. Büdcə gəlirlərinin, vergi daxilolmalarının proqnozdan artıq icra olunması iqtisadiyyatın dayanıqlığından xəbər verir. Bu bir faktdır ki, 2020-ci ilin bütün çətinliklərinə baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik müşahidə edilib, inflyasiya 2,5 faiz, manatın məzənnəsi sabit olub. Bütün bu dayanıqlıq Azərbaycan Prezidenti tərəfindən aparılan iqtisadi islahatların və onların hədəfli icra edilməsinin nəticəsində mümkün olub.

Dünya Bankı Doing Business 2020-ci il hesabatı üzrə apardığı araşdırmaların nəticəsini elan edib. Azərbaycan 191 ölkə üzrə 6 pillə irəliləyərək 28-ci yerə layiq görülüb və dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri elan olunub.

Respublikada iqtisadi artım 2020-ci çətin pandemiya ilinə baxmayaraq yanvar-noyabr aylarına olan statisktik məlumatlara görə kənd təsərrüfatında məhsul istehsalı 2019-cu illə müqayisədə 2% artmışdır. İşçilərin orta əmək haqqı 2019-cu illə müqayisədə 14,7% artaraq 704,5 manat təşkil etmişdir. Ümumilikdə isə respublika üzrə pensiyaların orta aylıq məbləği 01 iyul 2020-ci il tarixinə olan statistik məlumata əsasən 297,9 manat, o cümlədən yaşa görə pensiya növü üzrə 328,2 manat, əlilliyə görə pensiyanın orta məbləği 260,9 manat, ailə başçısını itirməsi ilə əlaqədar isə 239,9 manat təşkil etmişdir. Dünya bankının oktyabr 2020-ci il məlumatına görə dünyanın bir sıra qabaqcıl ölkələrində iqtisadi geriləmələr müşahidə edilmişdir. İnkişaf etmiş ölkələr kimi, Azərbaycanda da 2021-ci ildə 3,4% iqtisadi artım olması gözlənilir.



2020-ci ildəki iqtisadi daynıqlıq 2021-ci ildə ölkə iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaradıb. Təqdim olunmuş iqtisadi proqnozlara görə 2021-ci ildə ölkəmizdə ÜDM-in 3,4 faiz artacağı, qeyri neft sektorunun ÜDM-də payının 70,5 faizə çatacağı, inflyasiyanın 3,0 faiz olacağı, manatın məzənnəsinin sabit olacağı proqnozlaşdırılır. Özəl sektorun iqtisadi artımda və büdcə gəlirlərində iştirak payının artırılması üçün növbəti ildə də mühüm stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Məruzədə qeyd olunub ki, yola saldığımız ildə AHİK qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər etmişdir. İl ərzində AHİK-in İcraiyyə Komitəsinin 4 iclası keçirilmişdir. Keçirilmiş iclaslarda həmkarlar ittifaqlarının illik statistik hesabatının, Konfederasiyanın yarımillik iş planlarının təsdiqi, «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı

müəssisəsi” devizi ilə keçirilən respublika müsabiqəsinin 2019-cu il üçün yekunu, Pandemiya və Vətən müharibəsindən zərər çəkən vətəndaşlara, habelə şəhid ailələrinə, qazilərə maddi yardım edilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar aprel 2016-cı il və iyul 2020-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olan hərbi qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi haqqında və digər cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

Pandemiyaya görə İcraiyyə Komitəsinin yığıncaqları və beynəlxalq təşkilatlar (BƏT, BHİK, ÜHİK, Pan Avropa Regional Şurası) tərəfindən keçirilən tədbirlər (vebinar, konfrans) onlayn qaydada baş tutmuşdur.

Pan Avropa Regional Şurasının rəhbər komitəsinin 29 aprel tarixli iclası, Beynəlxalq Əmək Təşkilatının zəhmətkeşlərin fəaliyyəti üzrə Bürosunun təşkilatçılığı ilə Şərqi Avropa ölkələri həmkarlar ittifaqı təşkilatları üçün 14 mayda konfrans, ÜHİK-in prezidenti S.Şmakovun sədrliyi ilə 1 dekabrda ÜHİK-in iclası və Pan Avropa Regional Şurası koordinasiya komitəsinin 8 dekabr tarixli növbəti görüşü və digər tədbirlər də onlayn qaydada keçirilmiş, bu tədbirlərin hamısında AHİK-in rəhbərləri iştirak və çıxış etmişlər.

Sosial partnyorlarla keçirilən müzakirələrin nəticəsində 19 martda Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş imzalanmışdır.

Eyni zamanda cari ilin əvvəllərində respublikamızda səfərdə olan Türkiyənin «Egitim Sen» və «Memur Sen» həmkarlar ittifaqının sədri Ali Yalçın, Avroasiya Regional direktoru Syuzan Flokeni və Beynəlxalq Avrasiya təhsil işçiləri həmkarlar ittifaqı Birliyinin sədri Talip Jeylanın rəhbərlik etdiyi nümayəndə heyəti AHİK-də qəbul edilmiş, hər iki qurumla əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.



S. Möhbalıyev pandemiya və 44 günlük Vətən müharibəsində AHİK-in həyata keçirldiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında, pandemiyaya qarşı mübarizəni əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığının inkişaf etdirilməsi istiqamətlərində qurmaqla müsbət təcrübəyə nail olmuşdur.

Respublikamız pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard manat vəsait ayırmışdır. Bundan başqa, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir. Təkcə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 600 milyon manat vəsait ayrılmışdır.

600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və müvəqqəti işini itirən, aztəminatlı təbəqəyə məxsus olanlar sərtləşdirilmiş karantin müddətində 190 manat müavinət almışdır.

Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən dəvət edilmiş həkim briqadaları Azərbaycanda xəstələrin müalicəsi ilə məşğul olmaqla yanaşı, öz təcrübələrini də yerli həmkarları ilə bölüşmüşlər. Az müddətdə modul tipli 10-dan çox xəstəxana istismara verilmişdir. Bu tipli xəstəxanaların sayının artırılması nəzərdə tutulur. Bu gün ölkənin 48 xəstəxanasında pandemiya xəstələrinin müalicəsi aparılır.

Azərbaycan həmkarlar ittifaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması naminə qəbul etdikləri qərarlarını, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdıqları bütün addımları yüksək qiymətləndirir. Bu münasibətlə AHİK-in İcraiyyə Komitəsi öz iclasında qəbul etdiyi müraciətdə möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmiş və hər zaman onun yanında olduğunu bəyan etmişdir.

Ölkəmizin digər müvafiq qurumları ilə yanaşı, koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları da imkanlarını səfərbər edərək müəyyən addımlar atmışdır. İlk növbədə pandemiya dövründə koronavirus infeksiyasının yayılmasına qarşı Prezident İlham Əliyevin qətiyyətli addımlarını dəstəkləyərək işəgötürən tərəfindən işçilərin sayının əsassız azaldılmasının qarşısının alınması məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daxil olmaqla, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından işəgötürənlərə Bildiriş göndərilmişdir.

Martın 23-də üzv və tabelikdə olan təşkilatların rəhbərləri ilə keçirdiyi müşavirədə profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradıldı.

AHİK-in İcraiyyə Komitəsinin aprelin 23-də keçirilən onlayn iclasında qeyd edilmişdir ki, həmkarlar ittifaqları bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı, imkanlar çərçivəsində pandemiya şəraitində aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.

AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 100 min manat vəsait köçürmüşdür. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamış, Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. Aprelin 14-də “Kristal Abşeron” MMJ və AHİK-in dəstəyi ilə həyata keçirilən aksiyada “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1000-dən çox sovqat paylamışlar. 27 iyul 2020-ci il tarıxdə “Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq 100 min manat, COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar Şurasına 10 min manat da köçürülmüşdür.

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 54.328 aztəminatlı ailəyə 1.517.825 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 547.661 manatlıq qoruyucu vasitələr paylanmışdır. Eyni zamanda üzv təşkilatlarının və onların üzvləri olan həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 458.920 manat vəsait köçürmüşlər.

Koronavirusla mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin üzərinə düşdüyünü nəzərə alan sahə həmkarlar ittifaqı bu kateqoriyadan olan işçilərin pandemiya

dövründə sosial problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. Səhiyyə sahəsində fədakarcasına çalışan 7101 tibb işçisi ailəsinə 216.187 manat, 16.834 nəfər tibb işçisinə isə 1.102.280 manat maddi yardım edilmiş, 191.404 manatlıq qoruyucu vasitə paylanmışdır.

AHİK və onun üzv təşkilatları ümumilikdə aztəminatlı ailələrə 6.065.988 manat maddi yardım və ərzaq yardımları göstərmişlər. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.

AHİK sədri daha sonra öz çıxışında qeyd edib ki, bu gün hər birimiz Qələbə sevincini yaşayırıq. Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək hər birimiz üçün çox sevindirici və qürurverici hissdir. Müzəffər ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən şanlı Ordumuz və adını tariximizin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız İlham Əliyevdir.

Birinci vitse-prezident Mehriban Əliyevanın bu çətin günlərdə Prezidentimizlə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızda dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.

Döyüşlər getdiyi müddətdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə bütün beynəlxalq konvensiya və qanunlara zidd olaraq cəbhə xəttindən xeyli uzaqda olan Gəncə və Bərdə şəhərlərinin, Tərtər, Goranboy, Naftalan, Ağcabədi və digər şəhər və kəndlərin raket atəşinə tutulması nəticəsində 94 nəfər mülki əhali, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 400-dən çox insan yaralanmış, 5 mindən çox ev tamamilə dağıdılmış və ya ciddi zədə almışdır. Azərbaycan Ordusu isə bunun əksinə olaraq yalnız Ermənistanın legitim hərbi nöqtələrinə atəş açaraq onları sıradan çıxartdı. Az müddətdə Azərbaycan ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Vətən müharibəsi dövründə də şanlı ordumuza, əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Ölkə prezidenti, Ali Baş Komandan İ.Əliyevin xalqa müraciətlərində, xarici ölkələrin media qurumlarına verdiyi müsahibələrdə müharibənin Azərbaycanın öz ərazisində aparılma səbəbləri, bu ədalətli müharibədə ordumuzun qarşısında duran vəzifələr, bəzi beynəlxalq təşkilatların tutduqları qeyri-obyektiv mövqelər, postmüharibə dövründə Azərbaycan və erməni vətəndaşlarının dinc yanaşı yaşayış şərtləri və digər məsələlərlə bağlı fikirlər səsləndirmişdir. Bütün bunlarla yanaşı, AHİK 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin hərbi bölmələrinin bütün cəbhəboyu törətdiyi təxribatı qətiyyətlə pisləyən, noyabrın 25-də isə Fransa senatının qəbul etdiyi üzdəniraq qətnaməsi barədə bəyanatlar, oktyabrın 5-də beynəlxalq təşkilatlara, oktyabrın 7-də «Amnesty İnternational» təşkilatına, ABŞ Konqresinin Nümayəndələr palatasına, oktyabrın 11-də və 17-də beynəlxalq təşkilatlara müraciətlər ünvanlayaraq, dünyanın gözü önündə törədilən vəhşilik,

barbarlıq aktlarının və Azərbaycana qarşı ikili mövqenin sərgilənməsini Azərbaycan ictimaiyyətini və işçilərin hüquqlarını müdafiə edən bir təşkilat kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını ciddi şəkildə narahat etdiyi bildirdi.

AHİK-in müraciətləri beynəlxalq həmkarlar ittifaqları ilə yanaşı, 103 ölkədə fəaliyyət göstərən 499 xarici həmkarlar ittifaqı təşkilatlarına və 59 beynəlxalq qurumlara da göndərilmişdir. Bu müraciətlər və bəyanatlar respublikanın KİV-lərində yayılmış, AHİK-in rəsmi saytında da yerləşdirilmişdir.

S. Möhbalıyev diqqətə çatdırıb ki, AHİK-in İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə yardım fondunun hesabına 350 min manat vəsait ianə edilmişdir. Bundan başqa İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min manat maddi yardım edilmişdir.

AHİK-in üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə orduda döyüşən əsgər və zabitlərə, şəhid ailələrinə, qazilərə maddi yardımlar edilmişdir. Yaralı əsgərlərin müalicə olunduqları hospital və xəstəxanalarda tibbi avadanlıqlar, preparatlar alınmasına, əsgərlərin vacib geyim dəstləri ilə təmin olunmasına və digər məsələlərə 1.380.682 manat vəsait xərclənmişdir. Bundan əlavə, Silahlı Qüvvələrə yardım Fonduna AHİK tərəfindən 402.000 manat, üzv təşkilatları tərəfindən isə 603 min 875 manat olmaqla 1.005.875 manat köçürülmüşdür. Ümumilikdə Vətən müharibəsi dövründə həmkarlar ittifaqları 2.386.562 manat vəsait xərcləmişlər.

Vətən müharibəsi nəticəsində qazilərimizin və şəhid ailələrinin sayı da artmışdır. Bu gün həmin insanlara tələb olunan bütün yardımların göstərilməsi yönündə xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirilir. Bu layihələrin biri də «Yaşat» Fondunun yaradılmasıdır. AHİK İcraiyyə Komitəsinin qərarı ilə «Yaşat» fonduna 300 min manat, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və qazilərə maddi yardım göstərmək məqsədilə Vilayət Həmkarlar İttifaqı Şurasına 100 manat, üzv təşkilatlar tərəfindən 137 min 750 manat vəsait köçürülmüşdür. Bu kampaniya bundan sonra da davam edəcəkdir. Bu, hamımızın borcudur.

AHİK sədri daha bir məsələyə toxunaraq bildirib ki, erməni işğalından əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa İstirahət Evi”, Kəlbəcərdə “İsti-Su” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, 255 yerlik sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”, Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin də idman stadionları, şahmat klubları, bəzi üzv təşkilatların isə obyektləri işğaddan azad olunmuş ərazilərdə mövcud olmuşdur. Çox təəssüf ki, bu sağlamlıq ocaqları və idman qurğuları erməni vandalizminin qurbanı olmuş və yerlə yeksan edilmişdir. Hesab edirəm ki, bütün bunlar müvafiq orqanlar tərəfindən inventarlaşdırılmalı, vurulmuş ziyan müəyyən edildikdən sonra onların bərpası gündəmdə olmalı və lazımi addımlar atılmalıdır.

Təbii ki, azad olunmuş Qarabağda və ona bitişik rayonlarımızda aparılacaq abadlıq, quruculuq və yenidənqurma işləri ilə bağlı xeyli yeni iş yerləri açılacaqdır. Oraya ayrı-ayrı müəssisə və təşkilatlar tərəfindən investisiyalar qoyulacaqdır.

İnvestisiya qoyan müəssisələrin hamısında həmkarlar ittifaqı təşkilatlarının yaradılması üçün də inzibati binaların tikintisi həyata keçiriləcəkdir.

AHİK-in III Məclisi Konfederasiyanın sədri, millət vəkili S.Möhbalıyevin hesabatını və çıxışları dinləyərək qərara alıb ki, Həmkarlar ittifaqlarının üzvlərinin sosial problemlərinin yaxşılaşdırılması, pandemiyadan zərər çəkmiş aztəminatlı və şəhid ailələrinə, qazilərə göstərilən maddi və mənəvi yardımların davam etdirilməsi üzv təşkilatlara tövsiyə olunsun. AHİK-in üzv və tabelikdə olan təşkilatlarına tapşırılıb ki, işğaldan azad edilmiş ərazilərdə yerləşmiş və həmkarlar ittifaqının balansında olan obyektlərin (sanatoriya, istirahət mərkəzləri, idman qurğuları və s.) bərpası, tikintisi və gələcəkdə fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görsünlər.

Eyni zamanda, Dağlıq Qarabağ ərazilərində aparılacaq bərpa, tikinti və quruculuq işləri ilə bağlı yaradılacaq yeni iş yerlərində çalışan işçilərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi məqsədilə həmkarlar ittifaqı təşkilatının təsis olunması sahə həmkarlar ittifaqı respublika komitələrinə tövsiyə edilib.

Məclisdə həmçinin AHİK İcraiyyə Komitəsinin və Məclisinin tərkibində dəyişikliklər edilməsi haqqında qərar qəbul olunub.

aia.az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də