Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vidadi Muradovun əmlakları ilə bağlı yenidən məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, məhkəmə istintaqı dövründə vəfat etmiş Vidadi Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

RegionTV.info  xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Vidadi Muradovun ailə üzvləri tərəfindən verilən şikayətdə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və əmlaklarının müsadirədən azad olunması istənilib.

Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Növbəti iclas yanvarın 27-nə təyin edilib.

Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov 2021-ci ilin noyabrın 5-də ev dustaqlığında vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, onun özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədən qüvvədə saxlayıb.

Daha sonra Vidadi Muradovun ailə üzvləri məhkəməyə müraciət edib. Ali Məhkəmədə onun cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar hissəsində qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Qərarın qalan hissələri isə qüvvədə saxlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də