Şəhid ailəsinə qarşı dələduzluqda ittiham olunan İxtiyar Orucov və Balaxan Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
RegionTV.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, İxtiyar Orucov 7 il, Balaxan Hüseynli isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İxtiyar Orucov və Balaxan Hüseynli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunub.
Araşdırmalarıla şəhid İsa Məmmədlinin döyüşdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu falçılara müraciət etməkdə gördüyü müəyyənləşdirilib.
Bu məqsədlə şəhid anası Rəna Məmmədova Xəzər rayonunda yaşayan və falçı kimi tanıdığı Elmira Orucovaya müraciət edib.
Həmin şəxs 100 manat pul müqabilində fala baxaraq şəhidin dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu bildirib.
Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyəti yaranıb. Onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər.
Həmin şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını əks etdirən yeni şəkillər hazırlayıblar.
Onlar hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar.
Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar.
Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədib, bir neçə dəfə İxtiyar Orucovun telefonunda şəhidin anası ilə danışıb və sağ olduğuna dair onlarda yanlış təsəvvür yaradıb.
Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdən olan övladlarını qonşu ölkələrdən biri vasitəsilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıblar, bu məqsədlə onlardan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.
Vətən müharibəsində şəhid olan Məmmədli İsa Sarı oğlu 2002-ci ildə anadan olub.
İsa Məmmədli Laçın uğrunda gedən döyüşlərdə döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, İsa Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.