Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başlayıb. Aksiya çərçivəsində Ağdam rayonundakı hərbi hissələrin əsgərlərinə içərisində ərzaq məhsulları, müxtəlif gigiyena və fərdi qulluq vasitələri olan bağlamalar təqdim olunub.
Moderator.az-a açıqlamasında Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin həyata keçirdiyi aksiyaya diqqət çəkən millət vəkili Cavid Osmanov, hərbçilərə göstərilən məlum dəstəyi yüksək qiymətləndirib, digər qurumları da bu aksiyaya qoşulmağa dəvət edib:
“Bildiyiniz kimi, Heydər Əliyev Fondu yaranandan bu günə kimi hər zaman xeyirxahlıq və humanizm prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərib. Fondun prezidenti, ölkəmizin I vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə, Heydər Əliyev Fondu sadəcə, ölkə daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da müxtəlif humanitar aksiyalar həyata keçirib. Bununla bütün dünyaya xalqımızın nə qədər humanist, xeyirxah xalq olduğunu, multukultural dəyərlərə nə qədər hörmət etdiyini göstərib.
44 gün davam edən Vətən müharibəsi zamanı da Mehriban xanım ciddi aktivlik sərgilədi. Sosial şəbəkələrdə vətənpərvərlik ruhunda paylaşımlar etdi. Hər bir hərbçimizin sağlığı və salamatlığı, habelə torpaqlarımızın azadlığı üçün dualar etdi. Əlbəttə ki, bütün bunlar ölkəmizin I vitse-prezidentimizin xalqımıza bir mesajı idi. 44 günlük Vətən müharibəsində gördük ki, xalqımız Mehriban xanımın bu çağırışlarına səs verdi, dəstək oldu.
Müharibə boyunca ayrı-ayrı vətəndaşlarımızın ön xətdəki hərbçilərimizə müəyyən yardılmlar etdiyinə, onlara dəstək olduğuna şahid olduq. “Yaşat” Fondu yaradılandan sonra da görürük ki, insanlarımız bu fond vasitəsi ilə şəhid ailələrinə, müharibədə sağlamlığını itərənlərə yardım etməyə çalışırlar.
Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi çox xeyirxah missiya həyata keçirməyə başlayıb. Ön cəbhədəki əsgər və zabitlərimizə ərzaq və digər tələbat malları təqdim edilməkdədir. Bu, çox böyük, önəmli bir himanitar aksiyadır. Məum olduğu kimi, işğaldan azad edilən torpaqlarda erməni vandalları daşı-daş üstündə qoymayıb. Bütün infrastruktur dağıdılıb. Odur ki, Mehriban xanımın təşəbbüsü ilə “Bravo” supermarketlər şəbəkəsi oradakı əsgərlərimizlə bağlı bu cür dəstək kampaniyası həyata keçirir.
Əminəm ki, Mehriban xanımın atdığı bu addıma böyük şirkətlər, iş adamları, böyük supermarketlər də qoşulacaq. Bizim sərhədlərimizi qoruyan hərbçilərə öz dəstəklərini göstərəcəklər. Biz hər zaman görmüşük ki, Mehriban xanımın bu cür çağırışlarına şirkətlər, digər müəssisələr də qoşulur. Nəticədə, bu, küləvi aksiyaya çevrilir.
Bu cür aksiyalar xalq tərəfindən də yüksək qiymətləndirilir. Mehriban xanım bu cür addımlarla xalqımızın öz milli-mənəvi dəyərlərinə nə qədər bağlı olduğunu, bu dəyərlərə nə qədər yüksək qiymət verdiyini göstərir”.