Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimi ilə Yeni ilin gəlişi münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
RegionTV.info xəbər verir ki, məktubda deyilir:
“Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Çin təqvimi ilə Yeni ilin gəlişini qeyd edən bu bayram minilliklərin sınağından çıxmış həyat fəlsəfəsinin dolğun təcəssümüdür. Təbiətə yeni görkəm və canlanma, insanlara yeni ruh gətirən bu bahar bayramının dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq və ruzi-bərəkət bəxş etməsini arzulayıram.
Fürsətdən istifadə edərək Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etdirmək və genişləndirmək əzmində olduğumu bildirirəm”.