Qanlı Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə 2023-cü il yanvarın 20-də Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində anım mərasimi təşkil edilib.
RegionTV.info xəbər verir ki, Strasburqda Azərbaycan icmasının üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Avropa Şurası yanında daimi nümayəndə Fəxrəddin İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin Strasburqda səfərdə olan üzvləri Kamal Cəfərov və Tural Gəncəliyev çıxış edib və xalqımızın qanlı yaddaşında həkk olunmuş 20 Yanvar hadisələri bağlı düşüncələrini bölüşüblər.
Tədbir iştirakçıları ilk olaraq 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daimi nümayəndə F.İsmayılov ölkəmizi azadlığa və müstəqilliyinin bərpasına aparan yolda 1990-cı il 20 yanvar hadisələrinin tutduğu yerə nəzər salıb və Qanlı Yanvarın Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olmaqla yanaşı, xalqımız üçün bir qəhrəmanlıq nümunəsi təşkil etdiyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin faciənin ertəsi günü Moskvada verdiyi, Sovet İttifaqı rəhbərləyini qınayan cəsarətli bəyanatının xalqımız arasında gələcəyə olan inamın güclənməsinə göstərdiyi təsiri vurğulayıb. F.İsmayılov müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində və şəhidlərimizin qanı bahasına əldə edilən zəfərin heç şübhəsiz Qanlı Yanvar qəhrəmanlarının ruhunu şad etdiyini söyləyib və Azərbaycanın müstəqilliyi və bütövlüyü naminə verdiyimiz bütün şəhidlərin xatirəsinin hər zaman qəlblərimizdə yaşayacağını bildirib.
Milli Məclisin deputatı K.Cəfərov 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi yolunda tutduğu yerə diqqət çəkib, bu hadisələrə ilk dəfə dövlət səviyyəsində siyasi və hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən 1994-cü ildə verildiyini xatırladıb. O, azərbaycançılıq ideologiyasının ölkəmizin davamlı inkişafı üçün vacib sərvət olduğunu vurğulayıb.
Millət vəkili T.Gəncəliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını qeyd edib və həmin hadisələrlə bağlı xatirələrini bölüşüb. Qarabağdan bu hadisələri gərginliklə izlədiklərini, o zaman informasiya blokadası şəraitində Şuşa televiziyasının verilişlərinin əhaliyə məlumatlar çatdırılmasında önəmli rol oynadığını qeyd edib. O, 20 Yanvar hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Azərbaycanın müstəqillik və azadlıq ideyalarına sadiqliyindən irəli gələrək bundan sonra da heç bir xarici dairənin təsiri altında hərəkət etməyəcəyini bildirib.
Çıxışların ardınca tədbir iştirakçılarına Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.