Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Küçədə arvadını qətlə yetirən şəxs: “Onun qonşu ilə yatdığını eşitmişdim”

Balakəndə 2001-ci il təvəllüdlü arvadı Emilya Əbdürrəhmanovanı küçədə bıçaqlayaraq qətlə yetirən 28 yaşlı Elton Layicovun cinayət işi üzrə istintaq ifadəsi məlum olub.

 

RegionTV.info-nun əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, elan olunmuş ittihamla özünü təqsirli bilib.

 

Elton ifadə verməkdən imtina edib. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərib ki, 2017-ci ildə Emilya ilə ailə həyatı quraraq birlikdə Balakən rayonun Mahamalar kəndində yaşayıb, birgə nikahlarından Zərifə adlı bir qızları olub. Emilya ilə ailə həyatı quran zaman qızın 16 yaşı olmadığı üçün rəsmi nikahları olmayıb və Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə şərti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təxminən 21 iyul 2022-ci il tarixdə yaşadığı Mahamalar kəndindəki evinə qayıdan zaman Emilyanın həyətdə qonşuları Elvin adlı şəxslə səmimi söhbət etdiyini, hətta Elvinin “kişiliyi yoxdur” sözünü işlətdiyini eşidib. Emilya və Elvinin danışıqlarını küçədən eşitdiyinə görə həyətə daxil olaraq hər ikisinə səslənərək “nədi burda məhəbbət qurursunuz?” deyib. Bu zaman Elvin həyəti tərk edib. Əri Emilyadan bu səmimiyyətin səbəbini soruşub.

 

Eltonun sözlərinə görə, Emilya ona Elvinin guya onunla yox, həmin vaxt onların evində olan baldızı Röya ilə söhbət etdiyini deyib. Emilyanın bu yalanına inanmayaraq əlində olan atın kəndiri ilə qadını vurub. Bu zaman Emilya ağlamağa başlayıb. Elton həmin vaxt yanında olan atı bağlamaq üçün həyəti tərk edib. Həyətə qayıdanda orada olan qayınatası Məzahir ondan nə üçün dalaşdıqlarını soruşub. Qayınatasına gördüklərini söyləyib. Məzahir onu və Emilyanı dinləyib onlara mehriban olmağı məsləhət gördükdən sonra çıxıb gedib. Həmin gün gecə Emilyanın anası Rahibə onlara gələrək onunla mübahisə edib, qızını nə üçün vurmasının səbəbini soruşub. Rahibəyə hər şeyi izah etməyə çalışsa da, qayınanası Emilyanı götürüb öz evinə aparıb. Həmin gün gecə Emilya Elton barəsində Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət edib. O, həmin vaxtdan etibarən evə gəlməyib. Bundan sonra Elton kənddə gəzən söz-söhbətdən onun çobanlıq etmək üçün çölə getdiyi zamanlarda günorta vaxtları Emilyanın Elvinin evinə gedərək orada yatdığını eşidib. Buna görə daha da əsəbiləşib, Emilyanın ona xəyanət etdiyini düşünüb və arvadını öldürmək qərarına gəlib. Hadisə günü səhər saat 8 radələrində evdən çıxıb Balakən şəhərinə gedib. Onun üzərində gəzdirdiyi qatlanan ov bıçağı da olub. “Bayraq dairəsi” adlanan əraziyə gəlməmişdən qabaq toyuq bazarının içərisində kafelərin birində bir bakal pivə içib, Emilyanın ailəsinin hər alış-verişini bazardan etdiklərini bildiyi üçün qadını Balakən şəhərində bazara gedən yolda, “Bayraq dairəisi” adlanan ərazidə gözləməyə başlayıb. Saat 12:30 radələrində Emilyanın “Bayraq dairəisi” adlanan əraziyə tərəf parkın baş tərəfindən gəldiyini görüb ona yaxınlaşıb. Onlar səkidə söhbət ediblər. Elton Emilyaya Elvinlə olan münasibətləri, hər gün Elvinin evinə gedərək orada yatması barədə eşitdiklərini bildirərək nə üçün ona xəyanət etməsinin səbəbini soruşub. Elton dindirilərkən qeyd edib ki, Emilya həmin vaxt ona cavabında “yaxşı edirəm” deyib. Bir daha Emilyadan niyə belə etdiyini soruşub, Elvinin ondan artıq oğlan olmadığını bildirib. Emilya yenə də ona yaxşı etdiyini dedikdən sonra ov bıçağını çıxararaq qadının boynunun sağ tərəf aşağı hissəsindən vurub. Bıçağı çıxaran zaman bıçaq Emilyanın sifətinin sağ tərəfini və sağ çənə altı hissəsini də kəsib. Bu zaman ətrafdakı tanımadığı insanlar onu tutaraq Emilyadan aralayıb. Qadın isə yerə yıxılıb.

 

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt bıçaq da hadisə yerinə düşüb, hadisə yerindən üzü Balakən Rayon İcra Hakimiyyətinə doğru hərəkət etməyə başlayıb.

 

Məhkəmənin hökmü ilə Elton Layicov 12 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də