RegionTV.info
Azərbaycanda bir sıra xəstəliklər azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A ilə (30,3 faiz), yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyaları ilə (28,3 faiz), qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (20,6 faiz), qonokokk infeksiyası ilə (13,3 faiz), viruslu hepatit B ilə (9,1 faiz) xəstələnmə halları azalmışdır.
Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.
COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə 2020-ci ildə başlayan zəruri qabaqlayıcı və profilaktik tədbirlər 2022-ci ildə də davam etdirilib.
Qeyd edək ki, pandemiyanın fəsadlarının minimuma endirilməsi məqsədilə dövlət tərəfindən həyata keçirilən mühüm tədbir kimi əhali arasında planlı vaksinasiyanın aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq vaksinasiya tədbirləri 2022-ci ildə də uğurla həyata keçirilmişdir.