İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycanın xarici siyasətinin ərəb cəbhəsində diplomatik, strateji və iqtisadi aktivlərinin artırılması üçün yeni kanalların açılmasıdır. Yaxın Şərqdəki tarazlıq problemlərindən asılı olmayaraq proseslər Azərbaycanın irəliləməsi üçün məqbuldur.
Prezident İlham Əliyev yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə getdi və səhəri gün Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış etdi.
İlham Əliyevin səfəri enerji resursları və onların diversifikasiyası sistemində Azərbaycan orbitinin cəlbediciliyini simvolizə edir.
Rəmzləşən izlərin ölçüləri önümüzdəki panoramın geniş miqyas qazandığını göstərir və bizi ənginliklərə doğru yön alan axara aparır. Bu cür ölçülərdə siyasətdən tutmuş təhlükəsizliyə qədər geniş gündəlik dayanır.
RegionTV.info mövzu ilə bağlı kaspi qəzetinin yazısını təqdim edir.
Əliyev yuxarı hədləri müəyyənləşdirir
Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycanın xarici siyasətinin ərəb cəbhəsində diplomatik, strateji və iqtisadi aktivlərinin artırılması üçün yeni kanalların açılmasıdır. Azərbaycan dünya siyasi sisteminin zor gücü ilə qloballaşdırılması cəhdlərinə qarşı immunitet olaraq özünün beynəlxalq arenadakı yerini bərkidir və regional mühitdəki maraqlarını irəli aparır. Yekun məqsəd həm qonşu, həm də uzaq dövlətlərlə yaxşı münasibətlər quraraq davamlı sülhə və inkişafa şərait yaratmaqdır. Başqa sözlə desək, Azərbaycan dünya nizamının çalxalanmasından sonrakı dövrlərə hazırlıq məqsədi ilə özünün müxtəlif regionlardakı, o cümlədən ərəb meydanındakı fəaliyyətinin yuxarı hədlərini müəyyənləşdirir.
Azərbaycan, Türkiyə və İsrail eyni nöqtədə dayanır
Ancaq etiraf etmək lazımdır ki, ərəb dünyasına yön alan geniş marşrutda tək yola çıxmaq həm çətin, həm də yanlışdır. Buna görə də, Azərbaycan regional etimadını strateji müttəfiqi Türkiyənin və strateji tərəfdaşı İsrailin koordinasiyaları ilə üst-üstə düşmək üzərində möhkəmləndirir.
Türkiyə və İsrailin köhnə ədavətləri unudaraq bir-birinə yaxınlaşması, hər iki ölkənin ərəb diapazonu üzrə açılış perimetri Azərbaycan üçün unikal şanslar yaradır. Deməli, Yaxın Şərqin bəzi perimetrləri üzrə təhlükəsizlik mövzularında Azərbaycan, Türkiyə və İsrail eyni nöqtədə dayanır.
Diqqət yönəldə biləcəyimiz digər məqam Türkiyə və İsrailin Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı Səudiyyə Ərəbistanı ilə də münasibətlərini normallaşdırması üçün səylərin göstərilməsi və nəticələrin hasil olmasıdır. Azərbaycan prosesin elə nöqtəsində bərqərar olub ki, bu, bir növ sülh modeli üçün moderatorluq qabiliyyətinin nümayiş etdirilməsi deməkdir.
Azərbaycan xarici laboratoriyalara qarşı
Ərəb dünyası üzrə dövrələr Azərbaycanın İslam dini amili ilə yaratdığı multikultural modelin tanıdılması baxımından da dəyərə sahibdir. Bu dəyərlərin təbliği Yaxın Şərqdə İran kimi zərərli ideologiyalarla meydana çıxan oyunçuya verilən cavablardan biridir. Eyni zamanda, Azərbaycan xəmirinin strateji mayası xarici laboratoriyalarda yoğurulan və Yaxın Şərqə ixrac edilən ekstremist idealların Cənubi Qafqaza gəlməməsinə çalışır. Bu mənada Azərbaycanın Türkiyə ilə yanaşı BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və İsraillə əlaqələrini sıxlaşdırması qarşılıqlı kəşfiyyat məlumatlarının mübadiləsi üçün də geniş perspektiv açır.
Bütün bunlar Azərbaycanın Yaxın Şərq üzrə mövqelərini yenidən qiymətləndirməyə imkan verir və İlham Əliyevin BƏƏ səfəri bu prosesə əlavə dəyərlər qatır.
Rəqabət və pozuculuq
Azərbaycanın tərəfdaşı ABŞ və strateji tərəfdaşı Avropa İttifaqı Bakının enerji dəhlizlərindəki əhəmiyyətinin qabarıqlaşması üçün dəstək göstərir. Məqsəd təbii ki, Avropa bazarlarında Rusiya qazının vitrinlərdən düşürülməsinə hesablanıb. Bunun üçün isə Azərbaycanda yaşıl enerjinin inkişafı üçün əlavə tədbirlərə ehtiyac hiss edilir. Alternativ bərpa olunan resurslar Qərbin energetika siyasətinin xəttində mərkəzə doğru irəliləyir. Ona görə də düşünmək çətin deyil ki, Azərbaycanın Səudiyyə Ərəbistanı və BƏƏ ilə həmin sahə üzrə imzaladığı müqavilələr Qərb üçün də böyük əhəmiyyətə malikdir. Dünya ölkələrinin resurslara çıxış uğurundakı mübarizə meyilləri isə öz yedəyində risklər də gətirir.
Yaşıl enerji sərhədlərinin genişlənməsi ABŞ, Böyük Britaniya və Avropa İttifaqını Azərbaycanın, Türkiyənin və İsrailin səylərindəki iqtisadi aspektlərə dəstək verməsi ilə nəticələnir.
Ancaq meydanda olan digər rəqiblər və pozucu fəaliyyətlə məşğul olan qüvvələr güc balansının dəyişməsini həzmə vermirlər. Çin kimi oyunçular ideoloji xüsusiyyətlərə önəm vermədən iqtisadi ekspansiya ilə yüksəlir. Pekin regionda əsasən, Britaniya və ABŞ-yə rəqibdir. Hərçənd ki, Yaxın Şərq üzrə rəqabət modeli Çinlə Vaşinqton-London ikilisini hərbi qarşıdurmaya sürükləmək həddinə çata bilməz.
Ancaq ideoloji tutumla Yaxın Şərqdə həcmini genişləndirən İranın rəqabəti pozuculuq fəaliyyətlərini stimullaşdırmağa qadirdir. Çünki İran strateji dərinliklərdə bu oyunçuların hamısını düşmən vitrinində görür, indi Azərbaycanın Qərbdəki tərəfdaşları, Türkiyə və İsrail xətti ilə Yaxın Şərqdə “enerjisini” yüksəltməsi Tehranı narahat edir. Bu məsələdə İran Çin və Rusiyanın dəstəyinə arxalana bilər, lakin onlar da Tehranın ideoloji və hərbi qoruyucusu missiyasını yerinə yetirməkdən qaçırlar.
Yekunda, deyilənləri bu cümlə ilə xülasə etmək lazımdır ki, Yaxın Şərqdəki tarazlıq problemlərindən asılı olmayaraq, proseslər Azərbaycanın irəliləməsi üçün məqbuldur.