Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

20 Yanvar gecəsi xalqın iradəsini sındıra bilmədilər - AÇIQLAMA - FOTO

RegionTV.info

“Bu gün Azərbaycan xalqı dünənin şəhidləri üçün yas tutsa da, onu alnıaçıq bir şəkildə, qanlarının qisasını alaraq, uğrunda həlak olunan üçrəngli bayrağı ən ucalarda tutaraq sabahımız üçün mübarizə aparır. 20 Yanvar hadisəsi sadəcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, bu bütövlükdə insanlıq əleyhinə, bəşəriyyətə, ən adi və ali hisslərə qarşı məqsədli şəkildə törədilmiş cinayət və soyqırımıdır”.

Bu sözləri  politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, bu qanlı gecə xalqımıza qarşı planlaşdırılan kompleks və mütəşəkkil cinayətlərin tərkib hissəsi, ən azğın forma və təzahürlərindən biridir:

“Bəs nə idi məqsəd? Məqsəd xalqımızın iradəsini qırmaq, onu sındırmaq, özünə olan inamını tanklar altına atmaq idi. Bacardılarmı? 30 il öncə tankın altına girən insanların ardıcılları 30 il sonra sübut etdilər ki, Azərbaycan xalqı kimi güclü, mərd, şərəfli bir xalqın iradəsini heç bir imperialist qüvvə, heç bir maşa kimi istifadə olunan etnos, qruplaşma qıra bilməz.

Məhz o qeyrətli oğullar Şuşanı tankla, top-tüfənglə deyil, bilək gücünə əldə etdilər. Beləliklə də sübut olundu ki, gərçək iradəyə, cəsarətə, əzmə, mərdliyə malik xalq hansıdır! 20 Yanvar hadisəsindən sonrakı yaxın vaxta döndüyümüz zaman isə bu dəhşətli qırğının ardınca milli azadlıq hərəkatımız, mübarizəmiz daha da geniş vüsət aldı və müstəqilliyimizə gedən yolda dönüş nöqtəsi oldu, müstəqilliyin şirin dadını bizə daha da yaxından duydurdu. Bu baxımdan da 20 Yanvar gecəsi, əslində, bütün siyasi reallıqları bütün çılpaqlığı ilə gün işığına çıxarmış oldu.

Hadisə baş verəndən sonra əsas amal bu həqiqətin rəsmiləşdirilməsi, tarixə salınması idi. Heç şübhəsiz ki, atdığı hər bir addımı, etdiyi hər bir əməli ilə dar günündə xalqının dadına çatan və məhz elə bu səbəbdən də xalqının Ümummilli Lider adlandırdığı dahi şəxsiyyət Heydər Əliyev faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqının mərd oğlu kimi doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və həmin əməliyyata rəhbərlik edənləri çəkinmədən ifşa etdi.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyevin təşəbbüsü ilə elə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Nəzərə alsaq ki, belə bir çətin və qarışıq dönəmdə bu cür kəskin etiraz sərgiləməyi də hər siyasi fiqur bacarmazdı, o zaman Ümummilli Liderimizin dahiliyi, xalqını, onun sadəcə o gününü deyil, gələcəyini yəni, bu gününü də düşündüyü bir daha sübut olunur. Ulu öndərimiz prezident seçildikdən qısa bir müddət sonra - 1994-cü il martın 29-da Parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də ölkə səviyyəsində bu qətliamlara hüquqi mövqe nümayiş etdirildi”.

Politoloq əlavə edib ki, bu gün Azərbaycan xalqı torpaqlarını işğaldan azad etməklə kifayətlənmir, o torpaqları yenidən qurur-yaradır: “Torpaqlarımızı qanları ilə sulayan hər bir şəhidimizin ruhunu biz dövlət və xalq olaraq həmrəy şəkildə yad və şad edirik. Bu gün Azərbaycan xalqı tarixinin və yaddaşının elə bir dönəmini yaşayır ki, heç bir xırda detalı belə silmədən, üzərindən keçmədən, unutmadan, şüurlu şəkildə hər bir aktorun bizə nələr etdiyini dərk edərək Qərbi Azərbaycan uğrunda mübarizə aparırıq. Əsası odur ki, mübarizəmiz haqlı və beynəlxalq hüquqa uyğundur.

Necə ki, Ermənistan hakimiyyəti BMT TŞ-nın dörd qətnaməsi ilə zamanında barışmalı olduqlarının mesajını verir, gecikmişliyin təəssüfünü çəkirsə, zaman gələcək qətnamələr kimi əlimizdə olan tarixi sənədlərlə də, xəritələrlə də Qərbi Azərbaycanımızın yiyəsi biz özümüz olacağıq!

Bu proseslərin təməli hələ lap öncədən qoyulsa da, 1987-ci il iyun-iyul aylarında yenidən fəaliyyətə keçdilər və Qərbi Azərbaycanlıları 1988–1989-cu illərdə deportasiya etməyə başladılar. Ermənilər maşa idi, bəli, amma həqiqət o idi ki, bütün bu mütəşəkkil cinayətlər vahid mərkəz - Moskva vasitəsilə idarə olunur, həyata keçirilirdi. Məqsəd Azərbaycanı bölmək, parçalamaq, türk dünyasının önündə süni divarlar hörmək, ortasında isə erməni kimi nankor bir etnos yerləşdirmək idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün nəinki Qarabağa “Böyük Qayıdış” proqramını realizə edir, eyni zamanda biz “İkinci Böyük Qayıdış”ımızın ayaq səslərini eşidirik. Bu dahi şəxsiyyətin həyata keçirdiyi siyasət sadəcə Azərbaycana deyil, bütün türk dünyasına verilən tarixi töhfədir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də