Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun istefası müxtəlif amillərlə əlaqələndirilsə də, onun karyerasının hansı səbəbdən başa çatdığını bu günə kimi tam dəqiqləşdirmək mümkün olmayıb. Siyasi çevrələrdə və mətbuatda sabiq sədrin xarici kəşfiyyat orqanlarıyla əməkdaşlıq etdiyinə görə “vurulduğuna” dair mülahizələr səslənməkdədir. V.Talıbovun ölkədən külli miqdarda vəsaiti çıxardığı üçün cəzalandırıldığını iddia edənlər də var.
RegionTV.info xəbər verir ki, Yenisabah.az Naxçıvan rəhbəri ilə mərkəzi hakimiyyət arasında münasibətlərin pozulduğu dövrə aid maraqlı məlumatlar əldə edib.
Hakimiyyətdəki mənbələrin saytımıza bildirdiyinə görə, V.Talıbovun timsalında Naxçıvanın rəhbər şəxslərinin mərkəzi hakimiyyətdən uzaqlaşmaq meylləri 2011-ci ildən sonra daha da güclənib.
Mənbə deyib ki, xüsusilə son 10 ildə Ali Məclis sədri ölkə başçısı istisna olmaqla Bakıdan məmurların ona verdiyi heç bir tapşırığa əməl etməyib. O, nəinki təhsil, səhiyyə, mədəniyyət kimi humanitar sahələrə rəhbərlik edən nazirləri, hətta güc strukturları rəhbərlərini də eşitməyib. Mənbə bildirib ki, əslən Naxçıvandan olan və atasının vaxtilə muxtar respublikada yüksək vəzifə tutması səbəbilə bölgədə yaxşı tanınan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir neçə dəfə Naxçıvana səfər etmək istəsə də, V.Talıbov müxtəlif yollarla onun gəlişinə mane olub. O, K.Heydərovun Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə tanış olmaq arzusunun qarşısına böyük bir sədd çəkib. Bundan sonra digər nazirlər də Naxçıvana getmək təşəbbüsündən vaz keçiblər.
Hazırda hakimiyyət komandasında ciddi nüfuz sahibi olan həmsöhbətimiz bildirib ki, V.Talıbovla mərkəzi hakimiyyət arasında körpülərin yanması 2021-ci ilin noyabr ayının 25-nə təsadüf edir. Onun sözlərinə görə, həmin gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Naxçıvanda olub. O, rəhbərlik etdiyi sahəyə aid Naxçıvan üçün xarakterik olan ciddi maliyyə pozuntularını araşdırmaq, bu barədə Ali Məclis sədrini məlumatlandırmaq üçün V.Talıbovla görüşmək istəyib. Amma Naxçıvan “xan”ı E. Rüstəmovun bu istəyinə soyuq yanaşıb.
V. Talıbovun onunla görüşmək istəmədiyini başa düşən Mərkəzi Bank sədri Bakıdan özü ilə apardığı şəxsi mühafizəçisi və köməkçisi ilə birlikdə Naxçıvan Ali Məclisinə üz tutub. Ali Məclis əməkdaşları E.Rüstəmovu tanısalar da, ona son dərəcə etinasız yanaşıblar. Buna baxmayaraq, V.Talıbovla görüşməkdə israr edən baş bankir 2 saat qəbul otağında gözləyib. Ona V.Talıbovun Sədərəkdə yerli istehsal müəssisəsinin açılışına getdiyini və bu gün işə qayıtmayacağı deyiləndən sonra binanı tərk etmək məcburiyyətində qalıb. Məlumatlı şəxsin sözlərinə görə, E. Rüstəmov elə həmin gün Bakıya qayıdıb
Mənbə E.Rüstəmovun V.Talıbovun bu hörmətsizliyini həzm etməyərək, onunla bağlı ölkənin ən yuxarı eşelonuna şikayət etdiyini bildirib. Həmin vaxt E.Rüstəmova bir qədər təmkinli olmaq və bu barədə heç kimə danışmamaq tövsiyə edilib. Mərkəzi Bank sədrinə V.Talıbovun bu əməlinə görə cəzalandırılacağı bildirilib.
Mənbə söyləyib ki V.Talıbovun Naxçıvanda E. Rüstəmova qarşı etdiyi bu hərəkət “bardağı daşıran sonuncu damla” olub. Həmin hadisədən V.Talıbova yerini göstərmək qərara alınıb.