Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Ailələrin dağılmağına səbəb qısqanclıq yox, niyə və kiminlə evləndiklərini bilməməkdir...”






Son zamanlar xəyanətə görə boşanan ailələrin sayı artmaqdadır. Bunu məşhurlar arasında da müşahidə etmək olur. 

Bəs buna səbəb nədir? İnsanlar ailə qurarkən harda səhv edirlər?

Sualı psixoloqlar cavablandırdı:

Psixoloq Vəfa Əkbər deyir ki, insanların ailə qurmağa tələsməməsi çox vacibdir:

“Əslində insanların ailə dəyər sistemlərini birinci növbədə anlaması üçün ailə qurmağa tələsməməsi çox vacibdir. Ailə quraraq ailə dəyər sistemlərini formalaşdırmaq olmur. Hər bir insanın, gəncin özünün beynində və ailəsindən gəldiyi bir ailə modeli var. İki gənc tanış olanda əgər gözləntilərini müzakirə edib, açıq şəkildə deyirlərsə, bu sağlam ailələrə gətirib çıxarır. Bəzi gənclər isə eybi yoxdur, mən onun ailə modelini daha çox bəyəndim və öz modelimi sındırıb  onun ailə modelini formalaşdıra bilərəm düşüncəsiylə ailə həyatı qurur. Və ya bunun əksi olur, düşünür ki, mənim ailə modelim daha gözəldir və qarşımdakının ailə modelini sındıracam və o mənim ailə modeli obrazıma gəlib çıxacaq. Belə səmimi olmayan evliliklər qurulan ailələrin nəticəsi bir müddət sonra dava-dalaşa, münaqişələrə gətirib çıxarır ki, orda da dəyər sistemlərinə toxunduqları üçün həmin ailələr çox dözülməz hala gəlir. İnsanlar bir-birilərinin dəyərlərinə toxunarlarsa, ayrılmaq üçün illər çəkmir. İndi biz daha çox boşanan ailələrdə sırf bunu görürük”. 

Psixoloq Zeynəb Əyyubova isə Azərbaycanda xəyanətə görə boşanan ailələrin üstünlük təşkil etdiyini və bunun bir neçə səbəbi olduğunu bildirdi:

“Bu gün Azərbaycanda ailələrdə xəyanət dəbb halını alıb. Artıq xəyanət etməyən ailələr təxminən 6 faizdir. Bunun müxtəlif səbəbləri olur. Amma bütün bunların heç biri xəyanətə bəraət qazandırmır. Qaldı ki, məşhurlar arasında boşanmalardan danışsaq, bunu bir çox dünya ulduzlarında da görürük. Onların bəzən aldığı ayrılıq qərarları reklam xarakterli olur. Onlar boşandıqlarını mediaya açıqlasalar da, bir neçə ay sonra məlum olur ki,  barışıblar və bütün bunların sadəcə reytinq üçün edildiyini psixoloqlar düşünür. Bu gün Azərbaycanda xəyanətə görə boşanan kifayət qədər ailələr müşahidə edirik. Amma bunların heç biri xəyanətə görə yox, onun alt qatında olan bəzi problemlər var ki, onlar sadəcə xəyanətlə üzə çıxır. Müəyyən çatışmazlıqlar, maddi, mənəvi uzlaşmama sonda xəyanətə gətirib çıxarır. 

Bunun da müqabilində artıq boşanmalar baş tutur. Bəzi boşanmaların alt qatında qısqanclıq dayanır. Məsələn, bir xanım müğənni və ya aktrisadırsa, əlbəttə, onunla ailə quran kişi bilməlidir ki, onu sevənlər, fanatlar, onunla münasibət qurmaq istəyənlər olacaq. Eyni zamanda, bir kişi modeldirsə və ya müğənnidirsə, onu da sevənlər olacaq. Əslində bütün ailə psixoloqları nişanlılıq dövrünə həyatın fraqmanı deyir. Necə ki, bir serialın bir fraqmanı olur. Elə onlar da bilirdi ki, kiminlə ailə qurur. Demək ki, ailələrin dağılmağına səbəb qısqanclıq yox, niyə və kiminlə evləndiklərini bilməməkdir”. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də