Bakıda 14 yanvar 2023-cü il tarixdə saat 15:20 radələrində Keşlə qəsəbəsi, Yenikənd küçəsində haski cinsindən olan itlər gəzdirən şəxs həbs edilib.
RegionTV.info xəbər verir ki, İntiqam Cavadov (soyad şərti) küçədə itləri ağızlığı olmadan gəzdirdiyi üçün polis ona irad bildirib. O, isə itlərin onun olmadığını deyib.
Bundan sonra polis həmin itlərin sahibinin kim olduğunu araşdırmaq və uşaqlara hücum edəcəyini düşündüyü üçün geri qayıdan zaman İntiqamın itin birinin boğazına kəmər bağlayaraq tutduğunu görüb. Polis növbəti dəfə itin ona məxsus olmadığını xatırlatdıqda, İntiqam səs tonunu yüksəldərək “Dedim axı mənim deyil” ifadəsini işlədib.
Polis tərəfindən itlərin sahibinin müəyyən edilməsi üçün İntiqamı bölməyə dəvət edib. Sonuncu isə bundan imtina edib və aralarında mübahisə yaranıb.
Polis raportun məzmununa uyğun izahat verərək bildirib ki, İntiqam onun ailəsinə, körpə qızına qarşı nalayiq ifadələr işlədib. Həmin şəxs saxlanılaraq polis bölməsinə və oradan da məhkəməyə aparılıb.
İntiqam məhkəmə izahatında deyib ki, dövlət işçisidir və itlərin sahibi deyil. İtlərin polislərə hücum çəkəcəyini düşündüyü üçün onların birini tutub saxlayıb.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs olunub.