Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi qazisinin yaşadığı mənzildən məişət avadanlıqları və qızıl-zinət əşyaları oğurlayan rayon sakinləri saxlanılıb.
Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçu müalicə aldığı müddətdə Lənkəran şəhəri ərazisində kirayə yaşadığı mənzilindən ümumilikdə 1250 manat dəyərində bir ədəd televizor, müxtəlif qızıl-zinət əşyaları, məişət avadanlıqları və iki ədəd xalçanın oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsinə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakini Rövşən Mirzəyev və rayonun Darquba kənd sakini Elçin Məmmədov olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
R.Mirzəyev və E.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb ediliblər və barələrində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.