"Bir toxunuşla dırnaqları ilə market, bank və s. məkanlarda hesab ödəyə və ya məlumat paylaşa biləcəklər..."
Dubaydakı gözəllik salonlarından biri xanımlar üçün yeni bir "ağıllı" dırnaq xidməti təqdim etməyə başlayıb. Belə ki, manikür proseduru zamanı qadınlara mikroçip "implant" etmək təklif olunur. Beləliklə, salon dünyanın ən yüksək texnoloji manikürünü etməyə qərar verib.
Mikroçip dırnağa yapışdırılır və sonra parlaq lak təbəqəsi ilə örtülür. Qurğuda tez-tez smartfonlarda, planşetlərdə və hətta kredit kartlarında işlənən simsiz “NFC” texnologiyasından istifadə edilir.
“NFC” yaxın məsafədə yerləşən cihazlar arasında, məsələn, hesab terminalı ilə cib telefonu və ya plastik ağıllı kart arasında təmassız məlumat mübadiləsinə imkan verən qısa məsafəli(10 sm-ə qədər), yüksək tezlikli simsiz rabitə texnologiyasıdır
Dubaydakı sözügedən salonda mikroçipə fərdi məlumatların yüklənə biləcəyi də bildirilib. Məsələn, “WhatsApp” nömrəsi, rəqəmsal vizit kartı və ya “Instagram” sosial şəbəkəsindən bir profil başlığı.
Hal-hazırda dırnaqlara yerləşdirilən mikroçiplərdə yaddaşın miqdarı azdır. Lakin salon rəhbərliyi əmin edir ki, yaxın gələcəkdə insanlar bir toxunuşla dırnaqları ilə market, bank və s. məkanlarda hesab ödəyə və ya məlumat paylaşa biləcəklər.