Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
İcazə verin ilk növbədə bizə yaşatdığınız böyük qürur və sevinc üçün Sizə və Azərbaycanın müzəffər ordusuna dərin təşəkkürlərimi bildirim. Sizin rəhbərliyiniz altında şanlı ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etdi və bu, Vətən müharibəsində yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə, xüsusilə də biz, 1-ci Qarabağ müharibəsi qazilərinə böyük qürur hissi bəxş etdi.
Möhtərəm cənab Prezident!
1-ci Qarabağ müharibəsinin başlandığı ilk gündən Vətənimizin müdafiə olunmasını ümdə vəzifəmiz, müqəddəs borcumuz bilmişik. Müharibənin ən qızğın dövründə geniş bir ərazidə müdafiə döyüşləri aparan taborumuz düşmənə ağır zərbələr vurmuş, Xocavənd rayonunun – Dağlıq Qarabağın bir hissəsini qoruyub saxlaya bilmişdir. Bu döyüşlərdə neçə- neçə mərd oğullarımız Şəhidlik zirvəsinə ucalaraq xalqımızın qəhrəmanlıq səlnaməsinə şanlı səhifələr yazmışdılar ki, belə qəhrəman döyüşçülərdən biri də bizim döyüş yoldaşımız, taborun kəşfiyyat bölüyünün komandiri İbad Hüseynov olmuşdur. Özünün cəsarət və şücaəti ilə hər zaman fərqlənən İbad Hüseynov demək olar ki, bütün döyüşlərdən qələbə ilə çıxmiş, verilən tapşırıqları əsl döyüşçü dəqiqliyi ilə yerinə yetirmişdir. Onun döyüş əməliyyatlarında göstərmiş olduğu qəhrəmanlıqlar Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilərək, “Azərbaycan Bayrağ” ordeni ilə təltif edilmişdir. 10 aprel 1994-cü il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin düşmən tapdağından azad edilmiş Xocavənd rayonunun Nərgiztəpə ərazisinə gəlişi və bizim taborun əsgərləri ilə tarixi görüşü həmin döyüşçülərin həyatında ən əlamətdar, qürurverici bir gün kimi hər zaman xatırlanır.
Möhtərəm cənab Prezident!
Sizin Sərəncamınızla bizim döyüş yoldaşımız İbad Mövsüm oğlu Hüseynova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsindən böyük qürur və iftixar hissi keçirdən bizlər, bunu Ali Baş Komandanın öz əsgərinə, bütövlükdə 1-ci Qarabağ müharibəsi qazilərinə böyük diqqətinin nümunəsi kimi qəbul edirik və buna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Bir daha böyük qürur hissi ilə bizim döyüşçü yoldaşımız İbad Mövsüm oğlu Hüseynovu bu yüksək fəxri adla təltif etdiyiniz üçün Sizə, bütün qazilər və xocavəndlilər adından təşəkkür edir və dərin minnətdarlığımızı bildirirəm.
Müşfiq Hüseynov
Azərbaycan Respublikası QMƏVŞAİB-in Xocavənd rayon filialının sədri