Bakı Ağır Cinayətlər Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda saxlamada təqsirləndirilən Sona Həmzəyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hökmdə qeyd edilib ki, Sona Həmzəyeva barəsində seçilmiş ev dustaqlığ qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından həbsə alınıb. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilib və ərazi narkoloji dispanserində qeydiyyata alınıb.
İttihama görə, Sona Həmzəyeva 27 avqust 2022-ci ildə saat 14:00-da Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana ərazisində saxlanılaraq 12-ci PŞ-nin inzibati binasına gətirilib. Şöbənin inzibati binasındakı xidməti otaqların birində onun üzərində şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli donun sol yan cibindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmə iclasında Sona Həmzəyeva ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, boşanıb, bir uşağı rəhmətə gedib. Övladı öləndən sonra narkotik vasitə istifadə etməyə başlayıb. Narkotiki anket məlumatlarını və telefon nömrəsini bilmədiyi İsmayıl vasitəsilə tanımadığı şəxsdən alırmış. Həmin adamın özünü tanımır, ad soyadını da bilmir. Pulu verirmiş İsmayıla, o da alıb gətirirmiş. Adətən 25 manata alırmış. 27 avqust 2022-ci il tarixdə onun üzərində bir neçə bükümdə narkotik vasitə "kola" və "patı" olub.
Sona dindirilən zaman deyib ki, həmin gün günorta saatlarında onu polis əməkdaşları saxlayıb və bölməyə apararkən üzərindən həmin narkotik vasitələr aşkar olunaraq götürülüb. O, narkotiki şəxsi istifadəsi üçün çetlərə böldüyünü söyləyib. Hərəkətindən peşman olduğunu bildirən qadın artıq narkotikdən istifadə etmədiyini qeyd edib.